Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi qaydası təsdiqlənib. Novator.az-ın məlumatına görə, prezident İlham Əliyevin 18 dekabr fərmanı ilə rəsmiləşən qayda borc alınmasını dövlət qiymətli kağızlarının daxili və xarici bazarlarda satılması (emissiyası) və kredit vəsaitinin cəlb edilməsi yolu ilə, dövlət büdcəsi haqqında qanunla müəyyən edilmiş yuxarı hədd (limit) çərçivəsində həyata keçirilməsini nəzərdə tutur.
Azərbaycan Respublikası adından alınan borc hesabına maliyyələşdirilməsi təklif edilən layihə (o cümlədən icrada olan layihə üçün əlavə maliyyələşdirmə), həmin layihənin zəruriliyinin, prioritetliyinin, maliyyə dayanıqlığının, ölkənin sosial-iqtisadi inkişafına təsirinin qiymətləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinə, surəti isə Maliyyə Nazirliyinə təqdim edilir.
İqtisadiyyat Nazirliyi layihənin həyata keçirilməsinin məqsədəuyğunluğu və ya ondan imtina edilməsi barədə əsaslandırılmış rəyini 1 aydan gec olmayaraq Maliyyə Nazirliyinə və ona müraciət etmiş dövlət orqanına (qurumuna) bildirir.
Layihənin həyata keçirilməsi məqsədəuyğun hesab olunduğu təqdirdə Maliyyə Nazirliyi 1 ay müddətində layihənin yerli və ya xarici maliyyə-kredit təşkilatlarından borc cəlb etmək hesabına maliyyələşdirilməsi və ya maliyyələşdirilməsindən imtina edilməsi barədə əsaslandırılmış rəyini Nazirlər Kabinetinə bildirir.
Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi müsbət rəy verdikdə Nazirlər Kabineti sənədlərin təqdim edildiyi tarixdən 1 ay müddətində layihənin məqbulluğu barədə qərar qəbul edir və həmin layihənin maliyyələşdirilməsi üzrə ilkin şərtlər çərçivəsini razılaşdırmaq üçün prezidentə təqdim edir.
Prezident layihənin borc hesabına maliyyələşdirilməsinə razılıq verdikdən sonra Nazirlər Kabineti Maliyyə Nazirliyinə və ya dövlət orqanına (qurumuna) kredit vəsaitinin cəlb edilməsi üçün münasib kredit təşkilatlarının tapılmasına dair göstəriş verir. Maliyyə Nazirliyinin müəyyən etdiyi maliyyə-kredit təşkilatı barədə məlumat Nazirlər Kabinetinə təqdim edilir. Dövlət orqanının (qurumunun) müəyyən etdiyi maliyyə-kredit təşkilatı barədə məlumat isə Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Nazirlər Kabinetinə təqdim edilir. Nazirlər Kabineti təqdim edilmiş kredit təşkilatı ilə danışıqlar aparılmasına razılıq verdikdən sonra Maliyyə Nazirliyinin təyin etdiyi səlahiyyətli nümayəndənin iştirakı ilə və borc almaq niyyətində olan dövlət orqanının (qurumunun) səlahiyyətli nümayəndələri cəlb edilməklə müvafiq maliyyə-kredit təşkilatı ilə danışıqlar aparılır. Danışıqlar aparılması üçün hüquq, maliyyə və digər sahələr üzrə ixtisaslaşmış yerli və xarici məsləhətçilər cəlb oluna bilərlər.
Borc alınmasına dair danışıqların nəticəsi olaraq tərəflərin iştirakı ilə kredit müqaviləsinin layihəsi hazırlanır və 15 gün müddətində Maliyyə Nazirliyi müqavilə layihəsini İqtisadiyyat Nazirliyi və Ədliyyə Nazirliyi ilə razılaşdırır. Layihədə nəzərdə tutulan məsələlərin mahiyyətindən asılı olaraq həmin müddət çərçivəsində Maliyyə Nazirliyi müqavilə layihəsinə dair digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) rəyini öyrənir. Bundan sonra Maliyyə Nazirliyi müqavilə layihəsini 15 gün müddətində ümumiləşdirərək Nazirlər Kabinetinə təqdim edir. Maliyyə-iqtisadi və hüquqi ekspertizaların nəticələri müqavilə layihəsinə əlavə olunur. Dövlət orqanı (qurumu) maliyyə-iqtisadi və hüquqi ekspertizaların keçirilməsi üçün bu sahədə ixtisaslaşmış və nüfuzlu təşkilatların xidmətlərindən istifadə edə bilər.
Nazirlər Kabineti kreditin alınmasına dair danışıqların yekunlaşması barədə prezidentə 5 gün müddətində məlumat verməklə yanaşı müvafiq kredit müqaviləsinin layihəsini və həmin kredit müqaviləsinə dair maliyyə-iqtisadi və hüquqi ekspertiza rəyini (rəylərini) də təqdim edir.
Təqdim olunmuş kredit müqaviləsinin layihəsi Prezident Administrasiyasında hüquqi ekspertizadan keçirilir və hüquqi ekspertiza rəyi prezidentə təqdim edilir. Prezident kredit müqaviləsinin bağlanmasına razılıq verdikdən sonra borc alınmasına dair kredit müqaviləsinin imzalanması üçün müvafiq dövlət orqanının (qurumunun) rəhbərinə səlahiyyət verilməsi 5 gün müddətində Nazirlər Kabinetinin sərəncamı ilə rəsmiləşdirilir.
Borc alınmasına dair kredit müqaviləsini Nazirlər Kabineti təsdiq edir.
Novator.az bildirir ki, 1 iyul 2018-ci ilə Azərbaycanın xarici dövlət borcu 9 milyard 600,2 milyon ABŞ dolları, onun ümumi daxili məhsula (ÜDM) nisbəti 21,9 faiz olub. Hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə alınan kreditlər üzrə şərti öhdəliklərin daxil edildiyi borc həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.
1 yanvar 2018-ci ilə xarici dövlət borcu 9 milyard 398,3 milyon ABŞ dolları, onun ÜDM-ə nisbəti 22,8 faiz idi.