Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 18-də Səhiyyə Nazirliyinin Bakıdakı Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.
AZƏRTAC-ın arayışına görə, binada 1934-cü ildə Bakı Şəhər Səhiyyə Şöbəsinin nəzdində Balneofizioterapiya İnstitutu yerləşib. İki il sonra institutun bazasında Azərbaycan Dövlət Kurortologiya və Fizioterapiya İnstitutu yaradılıb. 1988-ci ildə bu institut Naftalan şəhərindəki problem laboratoriyası ilə birləşdirilərək Elmi-Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutu adlandırılıb. 1999-cu ildə tibb müəssisəsinin adı profili və fəaliyyətinə uyğunlaşdırılaraq Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna dəyişdirilib.
İnstitutda konsultativ poliklinika, stasionar, diaqnostik tədqiqatlar və fiziki üsullarla müalicə şöbələri fəaliyyət göstərir. Tibb ocağının stasionar hissəsində terapiya, artrologiya və nevrologiya bölmələri olacaq. Diaqnostik tədqiqatlar bölməsində 3 laboratoriya yaradılıb. Kliniki-immunologiya, biokimyəvi və kliniki neyrofiziologiya laboratoriyalarında ən müasir avadanlıq quraşdırılıb. Bu avadanlıq laborator müayinələri qısa müddətə, həm də keyfiyyətlə aparmağa hərtərəfli imkan verir. Müalicəvi şöbələrə Naftalan nefti ilə müalicə, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin müalicəvi bədən tərbiyəsi kabineti aiddir. Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutundakı oftalmoloq, stomatoloq, terapevt, USM, EKQ, balneoloji vanna otaqları və digər otaqlar da müasir tibbi avadanlıqla təchiz olunub.
İnstitutda 280 nəfər çalışır. İşçilərin 20 nəfəri fəlsəfə doktoru, 3 nəfəri tibb elmləri doktoru, 2 nəfəri professor, 1 nəfəri AMEA-nın müxbir üzvüdür.
Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşüb. Dövlət başçısı deyib ki, insanların sağlamlığı hökumət üçün ən əsas vəzifədir: “Son 15 il ərzində təqribən 650-yə yaxın tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bu gün ölkəmizin istənilən yerində yüksəkkeyfiyyətli tibbi xidmət almaq mümkündür. Demək olar ki, mərkəzi şəhər və rayon xəstəxanalarının tikintisi və əsaslı təmiri prosesi başa çatır, bir neçə xəstəxana öz açılışını gözləyir. Əminəm ki, yaxın 1-2 ildə bu məsələ də öz həllini tapacaq. Hər bir şəhərdə, rayonlarımızın mütləq əksəriyyətində ən müasir standartlara cavab verən tibb müəssisələri fəaliyyət göstərir və vətəndaşlara xidmət edir. Əgər buna nail olmasaydıq, səhiyyə sahəsinin maddi-texniki bazasını yaratmasaydıq, bu gün apardığımız siyasəti apara bilməzdik. Bu gün sosial siyasətin tərkib hissəsi olan səhiyyə sahəsindəki islahatlar, qoyulan investisiyalar bir məqsədi güdür ki, Azərbaycan vətəndaşları sağlam olsunlar, Azərbaycanda yüksək səviyyəli tibbi xidmət ala bilsinlər”.