Novator.az başa çatmaqda olan 2018-ci ilin itkilərinə nəzər salıb.
Yanvarda jurnalist, hazırda fəaliyyəti dayanmış Vesti.az saytının müxbiri Nicat Səmədoğlu (Məlikov) dünyasını dəyişib.
Aşıq Vüqar Mahmudoğlu və milli azadlıq hərəkatının fəalı, İsmayıllı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Rasim Şərifov da yanvar ayında vəfat edib.
Müsavat Məclisinin üzvü Həqiqət Oğuz, yazıçı-publisist Nahid Hacızadə, rəqqas Böyükağa Məmmədov, jurnalist, “Sobesednik” qəzetinin yaradıcılarından olan Oleq Məmmədov da həyatdan yanvarda ayrılıblar.
Fevralda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov vəfat edib.
Aktrisa Zərnigar Ağakişiyeva, Cəfər Cabbarlının qızı, əməkdar incəsənət xadimi Gülarə Cabbarlı və şair-publisist, dramaturq Teyyub Qurban da fevral ayında dünyadan köçüblər.
Martda təhqiqatçı jurnalist və hüquqşünas Əyyub Kərimov dəm qazından boğularaq həlak olub.
Bəstəkar Tahir Əkbər və aktyor Yuri Baliyev də martda vəfat ediblər.
Apreldə Mərkəzi Seçki Komissiyasının üzvü, hüquqçu Azər Tağıyev vəfat edib, AXCP üzvü, şair Araz Səməd avtomobil qəzasında həyatını itirib.
Həkim, akademik Böyükkişi Ağayev və Milli Məclisin deputatı Astan Şahverdiyev də apreldə dünyalarını dəyişiblər.
Mayda jurnalist, “Ayna”/“Zerkalo” və “Exo” qəzetlərinin qurucusu Rauf Talışinski vəfat edib.
Aktyor Fuad Poladov, rəssam Tokay Məmmədov və aşıq Azər Xanlaroğlu da mayda həyatdan köçüblər.
İyunda müdafiə sənayesi naziri Yavər Camalov, pedaqogika üzrə elmlər doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Oruc Həsənli vəfat ediblər.
İyulda filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdi, milli azadlıq hərəkatının öncül şəxslərindən olan sabiq deputat Məryəm Həsənova və bəstəkar Xəyyam Mirzəzadə dünyalarını dəyişiblər.
Azərbaycan əsilli rusiyalı jurnalist, mərhum filosof Heydər Camalın oğlu Orxan Camal həmin ay Mərkəzi Afrika Respublikasında qətlə yetirilib.
Avqustda reper Anar Nağılbaz vəfat edib.
Sentyabrda iş adamı, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, jurnalist Sevil Nuriyevanın həyat yoldaşı Etimad İsmayılov Türkiyənin İstanbul şəhərində öldürülüb.
Jurnalist, yazıçı Nigar İsmayılqızı, “Azərenerji” ASC-nin vitse-prezidenti Marlen Əsgərov, Milli Məclisin sabiq deputatı İbrahim Qafarov, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Firudin Haşımzadə, ədəbiyyatşünas, tənqidçi Sabir Bəşirov da həmin ay dünyalarını dəyişiblər.
Oktyabrda Qarabağ Qaziləri Birliyinin sədri, müharibə əlili Etimad Əsədov vəfat edib.
Biologiya elmləri doktoru, professor Qara Mustafayev də oktyabrda dünyadan köçüb.
Noyabrda aktrisa Amaliya Pənahova dünyasını dəyişib.
Tarix üzrə elmlər doktoru, professor Həsən Əlibəyli də noyabrda vəfat edib.
Dekabr ayında tədqiqatçı, yazıçı-publisist Ayaz Əhmədov dünyadan köçüb…