2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın ticarət əməliyyatlarının həcmi 28 milyard 214,3 milyon dollar olub. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin 11 aylıq hesabatında ixracın həcmi 17 milyard 918,8 milyon dollar, idxalın həcmi 10 milyard 295,5 milyon dollar göstərilir.
Hesabat dövründə 182 ölkə ilə ticarət əməliyyatı aparılıb, gömrük orqanları büdcəyə 3 milyard 253 milyon manat ödəyib.
Yanvar-noyabr aylarında ixracın 81,6 faizi xam neft və xam neft məhsulları, 2,7 faizi neft məhsulları, 7 faizi təbii qaz, 2,8 faizi meyvə-tərəvəz olub.
İdxalın 22,2 faizi maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, 11,9 faizi yeyinti məhsulları, 10,8 faizi qara metallar və onlardan hazırlanan məmulatlar, 7,6 faizi nəqliyyat vasitələri və onların hissələri, 3,2 faizi plastmassa və ondan hazırlanan məmulatlar, 2,6 faizi əczaçılıq məhsulları, 2,6 faizi oduncaq və ondan hazırlanan məmulatlar, 1,3 faizi tütün və tütün məmulatları kimi rəsmiləşib.
11 ayda ixracın 5,7 faizi MDB ölkələrinin, 55,6 faizi Avropa İttifaqı ölkələrinin, 38,7 faizi digər ölkələrin payına düşüb.
İdxalda MDB-nin payı 24,7 faiz, Avropa İttifaqının payı 20,4 faiz, digər ölkələrin payı 54,9 faiz göstərilir.
Əsas tərəfdaş İtaliya olub. Bu ölkə ilə ticarət 11 aylıq dövriyyənin 20,8 faizi həcmində rəsmiləşib.
Türkiyə 10,6 faizlə ikinci, Rusiya 8 faizlə üçüncüdür.
İxracda əsas ölkə kimi İtaliya (30,9 faiz) göstərilir, idxalda isə Rusiya (16,2 faiz) birinci sırada qərar tutub.