Dekabrın 17-si Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasiminə qatılan prezident orada çıxış edib.
Rəsmi məlumata görə, 394 mənzilin 3-ü birotaqlı, 192-si ikiotaqlı, 185-i üçotaqlı, 14-ü dördotaqlıdır. Daimi su, qaz, elektrik enerjisi ilə təmin olunan mənzillərə telefon və internet xətti də çəkilib. İstilik və isti su təchizatını təmin etmək məqsədilə hər bir mənzil kombi sistemi ilə təchiz olunub.
İlham Əliyev mərasimdə deyib ki, bir neçə il əvvəl hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi üçün fərman imzalayıb: “Fərmana əsasən, qüsursuz xidmət göstərən hərbi qulluqçuların ailələrinə mənzillər verilir. Bu günə qədər 1279 hərbçi ailəsi mənzillər alıb. Mənzillərin hamısı çox gözəldir. Mən bu binaların açılışlarında şəxsən iştirak etmişəm və bu gün də tanış olduğum mənzillər çox rahat, geniş və təmirli mənzillərdir. Azərbaycan nadir ölkələrdəndir ki, belə proqram icra edilir. Bu, dövlətimizin hərbi qulluqçulara göstərdiyi böyük diqqətin təzahürüdür, bunun nümunəsidir.
Hərbçilərin xidmət şəraiti də yaxşılaşır. Son illərdə bir çox hərbi şəhərcikdə əsaslı təmir-bərpa işləri aparılıb. Bir çox şəhərcik yenidən tikilib. Hərbçilərin, əsgər və zabitlərimizin xidmət şəraiti də böyük dərəcədə yaxşılaşıb. Bu gün bizim hərbi şəhərciklərimizin, hərbi hissələrimizin, hərbi bazalarımızın təxminən 75-80 faizi standartlara tam cavab verir. Növbəti illərdə qalan, hələ də təmirə ehtiyacı olan hərbi hissələrin təmiri nəzərdə tutulur. Dövlət bu məqsədlər üçün vəsait ayırır və bundan sonra da ayıracaq.
Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün də son illərdə minlərlə ev və mənzil tikilib, təhvil verilib. Təkcə bu il 626 şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə mənzillər verilib və gələn il ən azı 800 mənzil veriləcək. Bu kateqoriyadan olan insanlar eyni zamanda minik avtomobilləri ilə təmin olunurlar. Onlara minlərlə avtomaşın verilib.
Müharibədən əziyyət çəkən soydaşlarımızın da problemləri öz həllini tapır. Bu il 5800 köçkün ailəsi yeni evlərlə, mənzillərlə təmin edilib. Bu, son illərdə rekord göstəricidir. Biz bu siyasəti gələn il də davam etdirəcəyik.
Builki prezident seçkisindən dərhal sonra imzaladığım birinci fərman şəhidlərin vərəsələrinin maddi vəziyyətinin yaxşılaşdırılması haqqında olub. Vərəsələrə 11 min manat vəsait verilməsi nəzərdə tutulub. Artıq bu vəsaitin verilməsi prosesi başlayıb. Təqribən 10 minə yaxın ailə bu pul təminatını alacaq. Hazırda siyahılar dəqiqləşdirilir və beləliklə, bu proqramın icrası nəticəsində minlərlə ailə öz maddi vəziyyətini yaxşılaşdıracaq. Bu, dövlətin öz şəhidlərinin qəhrəmanlığına görə göstərdiyi diqqətdir, onların ailələrinə göstərdiyi qayğıdır.
Ordu quruculuğu prosesi uğurla, sürətlə gedir. Azərbaycan dünyada güclü orduya malik olan ölkələrin sırasındadır. Ordumuzun maddi-texniki bazası möhkəmlənir, ən müasir texnika, silahlar alınır. Bu il keçirilmiş iki hərbi parad bizim hərbi gücümüzü bütün dünyaya göstərib. Bu gün ordumuz texniki təchizat baxımından dünya miqyasında seçilən ordular sırasındadır. Əlbəttə ki, bizim güclü hərbi potensialımız Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas amildir. Ordumuzun döyüş qabiliyyəti artır. Bu gün ordumuz istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Son illərin hadisələri bunu əyani şəkildə göstərir. Bu il də Naxçıvan istiqamətində, Ermənistan-Azərbaycan sərhədi sahəsində ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar torpaq tam nəzarətimizə keçib. Biz strateji yüksəklikləri əldə etdik. Bu yüksəkliklərin əldə edilməsi bizə imkan verir ki, Ermənistan ərazisində strateji yollara, kommunikasiyalara tam nəzarət edə bilək. Həm 2016-cı ilin aprel döyüşləri, həm də builki uğurlu Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, ordumuz peşəkardır, onun döyüş qabiliyyəti yüksək səviyyədədir. Ordumuzda yüksək ruh mövcuddur və ordumuz istənilən vəzifəni icra edə bilər.
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün başqa amillərlə yanaşı ən birinci amil bizim hərbi gücümüzdür, qüdrətimizdir. Biz gücümüzü artırırıq və artıracağıq. Bu il bir çox önəmli kontraktlar imzalanıb. Bu kontraktların icrası nəticəsində ölkəmizə ən müasir silahlar və texnika gətiriləcək. Bu gün mövcud olan texnika və silahlar imkan verir ki, biz işğalçıların istənilən hərbi hədəfini yüksək dəqiqlik və böyük dağıdıcı qüvvə ilə darmadağın edə bilək. Əlbəttə, hər bir ölkənin, o cümlədən müharibə şəraitində yaşayan ölkələrin gücünü ilk növbədə onun hərbi qüdrəti müəyyən edir”.