Bakı Apellyasiya Məhkəməsi AXCP sədri Əli Kərimlinin Səbail Rayon Məhkəməsinin qərarından şikayəti üzrə prosesi yekunlaşdırıb. Dekabrın 14-də çıxarılan qərar aşağı məhkəmənin qərarının qüvvədə saxlanmasını nəzərdə tutur.
Əli Kərimli noyabrın 17-si – Milli Dirçəliş Günü AXCP üzvləri və təəssübkeşləri ilə birgə Bakıdakı Şəhidlər xiyabanını ziyarət etmək istəyərkən tutulub. Polis Parlament prospektində onları saxlayıb, 52 nəfər, o cümlədən Əli Kərimli, Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli tutularaq Səbail Rayon Polis İdarəsinə aparılıb.
Həmin gün 41 nəfər xəbərdarlıq aldıqdan sonra buraxılıb, Əli Kərimli və daha 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri ilə protokollar tərtib edilərək iş Səbail Rayon Məhkəməsinə göndərilib.
Noyabrın 19-u Səbail Rayon Məhkəməsi Əli Kərimlini 2500 manat, 7 nəfəri 400-500 manat cərimələyərək sərbəst buraxıb. 3 nəfərə 20 sutka inzibati həbs verilib.
Novator.az bildirir ki, İnzibati Xətalar Məcəlləsinin 513.1-ci maddəsinə əsasən, yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilmə qaydasının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir, yaxud iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər üç min manatdan altı min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək məbləğdə cərimələnir.
513.2-ci maddəyə əsasən, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə tətbiq edilir, yaxud yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
Əli Kərimli 1965-ci ildə anadan olub. 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əbülfəz Elçibəy hakimiyyəti zamanı Prezident Aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb, daha sonra dövlət katibi təyin olunub.
1993-cü ildən AXC sədrinin siyasi məsələlər üzrə müavini, daha sonra AXCP sədrinin birinci müavini olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2000-ci ildən AXCP-yə rəhbərlik edir.