Dekabrın 13-ü Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edən prezident İlham Əliyev siyasi məsələlərə də toxunub. O qeyd edib ki, 2018-ci ildə dünyada bir çox təhlükəli proseslər gedib və beynəlxalq vəziyyət daha da gərginləşib: “Qanlı toqquşmalar, müharibələr, etiraz aksiyaları və digər hadisələr 2018-ci ilin mənzərəsini əks etdirir. Azərbaycanda isə sabitlik, təhlükəsizlik təmin edilib. Azərbaycan öz yolu ilə uğurla gedir və qarşıda duran bütün vəzifələri icra edir. Əlbəttə, biz dünyada gedən prosesləri izləyirik. Biz bu proseslərə biganə qala bilmərik. Çünki həm Avropada, həm bizim regionumuzda, Yaxın Şərqdə gedən proseslər narahatlıq doğurur.
Bu il Ermənistanda çox ciddi dəyişikliklər baş verib. İyirmi il ərzində hakimiyyəti qanunsuz zəbt etmiş kriminal xunta rejimi çökdü və bizim dediyimizi indi erməni xalqı deyir. Kriminal, rüşvətxor rejim 20 il ərzində öz xalqını istismar edirdi və bu rejimin acı sonu məntiqə tam uyğundur. Onu da deməliyəm ki, bizim ardıcıl, məqsədyönlü siyasətimiz kriminal xunta rejiminin çökməsində öz rolunu oynayıb. Çünki bizim siyasətimiz dəyişməz olaraq qalır. Nə vaxta qədər ki, bizim torpaqlarımız işğal altındadır, biz bütün imkanlardan istifadə edib Ermənistanı təcrid vəziyyətində saxlayacağıq və buna nail olduq.
Bizim təşəbbüsümüzlə reallaşan qlobal enerji, nəqliyyat layihələri Ermənistandan yan keçir. Bizim siyasətimiz nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır, insanlar ölkəni kütləvi surətdə tərk edir, iqtisadi inkişaf üçün heç bir əsas yoxdur, xarici sərmayə qoyulmur, onların beynəlxalq bazarlara çıxışı çox çətinləşib. Beynəlxalq müstəvidə sübut edə bilmişik ki, Dağlıq Qarabağ münaqişəsində haqlı tərəf bizik. Yəni bütün bu və başqa amillər, əlbəttə, bizim hərbi qüdrətimiz Ermənistanı bu ağır vəziyyətə salıb.
İşğal edilmiş torpaqlarımızın bir hissəsinin iki il bundan əvvəl işğalçılardan azad edilməsi, o torpaqlarda Azərbaycan bayrağının qaldırılması kriminal rejimə çox böyük zərbə olub. O vaxtdan bu günə qədər o ölkənin güclü olmayan dayaqları daha da laxlayaraq sıradan çıxıb.
Hesab edirəm ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb. Bir çox amillər bunu deməyə əsas verir. İlk növbədə bizim artan gücümüz, potensialımız, iqtisadi, hərbi, siyasi gücümüz, beynəlxalq mövqelərimiz bunu deməyə əsas verir. Biz bu istiqamətdə öz ardıcıl siyasətimizi davam etdirəcəyik.
Eyni zamanda Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Bizim beynəlxalq nüfuzumuz artır. Mən bunu dəfələrlə qeyd edirəm və bu, sadəcə olaraq sözlər deyil. Beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi əks etdirən bir çox qərar və qətnamələri olub. İkitərəfli sazişlərimizdə bu məsələ bizim mövqeyimizi əks etdirərək öz həllini tapıb. Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetləri sənədinin imzalanması çox əlamətdar hadisə idi. Bu sənəddə göstərilir ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı dəstəklənir. NATO-nun zirvə görüşündə ərazi bütövlüyümüzlə bağlı çox önəmli məsələ öz əksini tapıb. İkitərəfli imzalanmış sənədlərdə daim bizim mövqeyimiz öz əksini tapır. Mən deyəndə ki, bizim beynəlxalq nüfuzumuz artır, bunu nəzərdə tuturam. Eyni zamanda Azərbaycan xalqı bunu yaxşı bilir ki, hətta Ermənistanın üzv olduğu, bizim üzv olmadığımız təşkilatlarda da bizim mövqeyimiz üstünlük təşkil edir və bu, Ermənistanda isterikaya səbəb olur”.
Çıxışın mətnini AZƏRTAC yayıb.