
Əli Əliyevin ölüm işi: şahidlər dindirilib
- 11 Dekabr 2018
- comments
- Novator.az
- Posted in ManşetXəbər
Bakı Apellyasiya Məhkəməsində jurnalist İmdad Əlizadənin atası, Qarabağ müharibəsi veteranı Əli Əliyevi avtomobillə vuraraq öldürən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) işçisi Seymur Qarayevin cinayət işi üzrə proses davam etdirilib.
Novator.az xəbər verir ki, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən iclasda işin mülki iddia hissəsi araşdırılır.
Həm zərərçəkmişin hüquqi varisi, mülki iddiaçı İmdad Əlizadənin, həm də təqsirləndirilən şəxs Seymur Qarayevin apellyasiya şikayətləri əsasında keçirilən sonuncu prosesdə şahidlər dindirilib.
Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən Seymur Qarayevin vəkili prosesdə əlavə şahidlərin dindirilməsini istəmişdi. Məhkəmə vəsatəti təmin etmişdi.
Baxış iclasında mülki iddiaçı İmdad Əlizadənin nümayəndəsi Abil Bayramov çıxış edərək bildirib ki, təqsirləndirilən şəxsin vəkilinin verdiyi vəsatət əsasında çağırılan şahidlərin ifadələri bu işin mahiyyəti üçün heç bir əhəmiyyət kəsb etmədiyindən nümayəndə kimi sual vermək hüququndan imtina edir.
Daha sonra prosesdə şahid qismində çağırılan Əli Şahmərdanov dindirilib.
O deyib ki, hadisəni törədən Seymur Qarayev qardaşının kürəkənidir: “Hadisə baş verəndə qardaşım mənə xəbər edib. Rəhmətlik Əli müəllimi “Semaşko”ya (1 saylı Kliniki Tibbi Mərkəz) apardılar. 7-8 gün orda qaldı. Həmin vaxt biz onun müalicə xərclərini çəkdik, köməklik etdik”.
Zərərçəkmişin hüquqi varisi İmdad Əlizadə şahidə suallar verib. Suallara cavab olaraq Əli Şahmərdanov bildirib ki, bir dəfə ona pul verib: “Bir dəfə qardaşımın yanında pul vermişəm”.
İmdad Əlizadə şahidin yalan danışdığını söyləyib. O vurğulayıb ki, Əli Şahmərdanov heç vaxt atasının müalicə olunduğu xəstəxanalara gəlməyib: “Bu adamı ilk dəfədir görürəm”.
Prosesdə daha sonra təqsirləndirilən Seymur Qarayevin qayınatası Səlim Şahmərdanov dindirilib.
O qeyd edib ki, hadisə olandan dərhal sonra xəstəxanaya gedib: “Seymuru ora qoymurdum getsin. Əli müəllim ziyalı adam idi. Allah ona rəhmət eləsin. 9 gün “Semaşko”da qaldı. Həmin 9 gün mən orda olmuşam. Xəstəxanada nə xərc olubsa ödəmişəm. Oğlu atasını özəl xəstəxanaya köçürmək istəyirdi. Özü atasına görə ora 4-5 həkim gətirmişdi. Hamısı xəstənin vəziyyətinə baxmışdı. Mən orda da dedim ki, bizim gücümüz nəyə çatırsa, onu edəcəyik”.
İmdad Əlizadə şahidə sual verərək ora gələn həkimlərin rəyini soruşub. Səlim Şahmərdanov isə bildirib ki, həkimlərin rəyini İmdaddan eşidib: “Həkimlər gələndə mən qırağa çəkilirdim. Sonra səndən soruşurdum. Bir dəfə səninlə birlikdə “alman soku” almağa getmişəm. Orda xəstəxanada yox idi”.
Zərərçəkmişin hüquqi varisi İmdad Əlizadə arayış verərək deyib ki, şahidin “alman soku” adlandırdığı dərman komada olan xəstələr üçün nəzərdə tutulub: “Xəstəxanada ondan yox idi. Özəl xəstəxanaya köçürüləndən sonra demək olar ki, atama hər gün o dərmandan verilirdi”.
İmdad Əlizadə həmçinin Səlim Şahmərdanov və onun qardaşı Əli Şahmərdanova çarpaz suallar verib. Suallara cavab olaraq Səlim Şahmərdanov bildirib ki, heç zaman İmdad Əlizadəyə pul verməyib: “Biz həkimlərə, dərmanlara pul vermişik. İmdada heç zaman əlbəəl pul verməmişəm”.
Bu zaman Əli Şahmərdanov bir qədər əvvəl verdiyi ifadəni dəyişib. O qeyd edib ki, komada olan Əli Əliyevin müalicəsinə kömək üçün pulu qardaşı Səlimə verib: “Rəhmətlik “Semaşko”da reanimasiya şöbəsində müalicə olunurdu. Onun yanına bizi buraxmırdılar. Pulu biz aşağıda yığırdıq, Səlim yuxarı aparırdı”.
İmdad Əlizadə isə əlavə olaraq deyib ki, atası Əli Əliyevin komada olduğu 504 gün ərzində müalicəyə 137 min manatdan artıq pul xərclənib: “Atamı avtomobillə vuraraq komaya salan Seymur Qarayev isə müalicəyə ümumilikdə 4 min manat pul verib. Mən bunu inkar etmirəm. Yerdə qalan 133 min manatdan artıq vəsaiti isə biz borc-xərc edib xəstəxanalara ödəmişik”.
Daha sonra prosesdə şahid qismində Azər Qaraçənli ifadə verib. O bildirib ki, hadisə baş verən gündən sonunadək bu proseslərin içində olub: “Zərərçəkənin oğlu İmdadla birinci gündən xəstəxanada olmuşam. Seymurun qayınatası “Semaşko”da olan vaxt hər gün gəlirdi. Bizlə orda olurdu. Həmin müddət ərzində biz başqa həkimlərlə də danışıqlar aparırdıq. Məqsədimiz xəstəmizi ayağa qaldırmaq idi. Həkimlərin hamısı rəy verdilər ki, Əli müəllim reanimasiya şəraiti daha yaxşı olan xəstəxanaya köçürülsün. Həmin vaxtı Səlim müəllim də orda nə lazımdırsa onu edək deyirdi. Ümumiyyətlə hamıya məlumdur ki, “Semaşko” ilkin tibbi yardım xəstəxanasıdır. Bizim xəstənin durumu isə ağır idi, lazım olan dərmanların əksəriyyəti orada tapılmırdı. Biz Əli müəllimi özəl xəstəxanaya köçürdük. Bunun sayəsində 1 il 4 ay yaşadı. “Semaşko”da qalsaydı, 1 ay yaşamazdı. Bütün çəkilən xərclər göz qabağındadır. Yenə vurğulamaq istəyirəm ki, həkimlərin hamısının rəyi ondan ibarət idi ki, Əli Əliyev reanimasiya şəraiti daha yaxşı olan xəstəxanaya köçürülməlidir”.
Məhkəmədə şahid qismində dindirilən Hüseyn Talıbov isə qeyd edib ki, mərhum Əli Əliyev bacısının həyat yoldaşı olub: “2016-cı il fevralın 14-də yaşadığım Tərtər rayonunda idim. Əli müəllimin avtomobillə vurulduğunu eşidən kimi Bakıya gəldim. Əli müəllimin “Semaşko”da müalicə aldığı doqquz gün ərzində hər gün xəstəxanada olmuşuq. Həmin vaxt Seymurun qayınatası da bizim yanımızda durmuşdu. Bir neçə dəfə danışığımız olub. Bizə orda dedi ki, nə lazımdır edəcəyik. Orda həkimlər baxıb dedilər ki, burda yaxşı şərait yoxdur. Səlim də bunu eşidib. Orda dedi ki, necə istəyirsiniz, elə edək. Biz Əli müəllimi Mərkəzi Klinik Xəstəxanaya köçürdük. Üstündən xeyli vaxt keçdi, Səlim gəlib çıxmadı. Mən götürüb Seymura zəng elədim, onu çağırdım. Gəldi dedi ki, müalicəyə kömək edəcəyəm. Üstündən xeyli vaxt keçdi, amma bunlardan bir xəbər çıxmadı. Bizim isə vəziyyətimiz çətin idi, hər keçən gün də çətinləşirdi. Mərkəzi Klinika özəl xəstəxanadır və orada qiymətlər çox yüksəkdir. Baxmayaraq ki, xəstəxana bizə bəzi güzəştlər etmişdi, amma gücümüz çatmırdı, hər gün xəstəxanaya borcumuz artırdı. Sonra Seymura bir neçə dəfə zəng elədim. İki dəfə 500-600 manat gətirib verdi. Ondan sonrakı zənglərimizdə bizə min bir bəhanə eləməyə başladı. Götürüb onun qayınatasının qardaşı Şükürə zəng elədim. O da telefonda mənimlə elə danışdı ki, dedim bundan yaxşı insan yoxdur. Dedi ki, hadisəni biz eləmişiksə, nə lazımdırsa edəcəyik. Lakin ondan sonra səs çıxmadı. Biz min bir əziyyət çəkdik, çox çətinliyə düşdük. Amma bu adamlar məsələ isti-isti olanda özlərini yaxşı göstərib, sonradan aradan çıxdılar”.
Şahid deyib ki, mərhum Əli Əliyevin “Semaşko”dan özəl xəstəxanaya köçürülməsi məcburiyyətdən olub: “Biz köçürülməni həkimlərin rəyi əsasında etmişik. Seymur Qarayevin qayınatası və onun qardaşı da buna razılıq verib. Amma sonradan xəstənin müalicəsinə heç bir köməklik göstərmədilər”.
Məhkəmə prosesi dekabrın 20-də davam etdiriləcək.
2016-cı il fevralın 14-də AZAL-ın işçisi Seymur Vidadi oğlu Qarayev idarə etdiyi “GAC” markalı 99-AD-434 qeydiyyat nişanlı avtomobillə Bakının Ziya Bünyadov prospektində yolu piyada keçmək istəyən Laçın rayonunun Oğuldərə kənd sakini, Qarabağ müharibəsi veteranı Əli Əliyevi və Neftçala rayon sakini Əliəsgər Talıbovu vurub.
Əliəsgər Talıbov bir müddət xəstəxanada müalicə olunduqdan sonra evə buraxılıb.
Qəza anından koma vəziyyətinə düşən Əli Əliyev isə 504 gün ərzində paytaxtın müxtəlif klinikalarında müalicə olunub. Onun müalicəsinə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) 4700, Mərkəzi Klinik Xəstəxanada 67881, “Avrasiya” hospitalında 59050 (mərhumun ailəsinin bu xəstəxanaya əlavə olaraq 11270 manat borcu qalıb), Bakı Sağlamlıq Mərkəzində 5900 manat xərclənib. Bunları təsdiqləyən rəsmi qəbzlər cinayət işinə əlavə edilib.
Əli Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib. Onun dəfn və yas mərasimlərinə 14000 manat civarında pul sərf olunub. Göstərilən məbləğlərlə bərabər zərərçəkənin ailəsi mənəvi zərərə görə təqsirləndirilən şəxsdən məhkəmədə 15000 manat kompensasiya tələb edib. Beləliklə, zərərçəkənin ailəsinin mülki iddiası ümumilikdə 166 min 531 manat həcmindədir.
Cinayət işinə Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə Seymur Qarayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.
Nərimanov Rayon Məhkəməsi zərərçəkənin hüquqi varisi İmdad Əlizadənin mülki iddiasını qismən təmin edib. İmdad Əlizadənin 166 min 531 manatlıq mülki iddiasından yalnız 23 min manatı (20 min maddi ziyana, 3 min mənəvi ziyana görə) təmin olunub.
Hökmdən narazı qalan İmdad Əlizadə apellyasiya şikayəti verib. O, Nərimanov Rayon Məhkəməsinin çıxardığı hökmün dəyişdirilməsini, Seymur Qarayevin cəzasının ağırlaşdırılmasını istəyib. İmdad Əlizadə həmçinin mülki iddiasının tam təmin edilməsini tələb edib.
İmdad Əlizadənin Nərimanov Rayon Məhkəməsinin hökmündən verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılıb. 2018-ci il aprelin 3-də elan olunan qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Təqsirləndirilən şəxsin (Seymur Qarayev) cəzası azaldılıb, onun maddi və mənəvi ziyana görə ödəməli olduğu təzminatın həcmi isə artırılıb. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Seymur Qarayevin cəzası 4 il 11 ay 28 günlük həbsdən 4 il 6 aya endirilib. Onun ödəməli olduğu təzminatın həcmi isə 23 min manatdan 120 min 931 manata qaldırılıb.
Bakı Apellyasiya Məhkəməsi mülki iddianın yalnız mərhum Əli Əliyevin vaxtilə Mərkəzi Klinik Xəstəxanada və “Avrasiya” hospitalında müalicəsinə sərf olunan hissəsini təmin edib. Məhkəmə təyin etdiyi 120 min 931 manatlıq təzminatın 3 min manatını isə mənəvi zərərin əvəzi kimi müəyyənləşdirib.
Apellyasiya instansiyası belə nəticəyə gəlib ki, mərhum Əli Əliyevin 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) və Bakı Sağlamlıq Mərkəzində müalicəsinə sərf edilən vəsaitin, eyni zamanda yas mərasimi üçün çəkilən xərclərin qəbzləri məhkəməyə təqdim edilməyib. Bu səbəbdən məhkəmə mülki iddianın həmin hissəsini baxılmamış saxlayıb.
İmdad Əlizadə Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı olduğu üçün Ali Məhkəməyə kassasiya şikayəti verib. İşə Ali Məhkəmənin hakimi İmran Hacıqayıbovun sədrliyi ilə baxılıb. Qərara əsasən, təqsirləndirilən şəxsin cəza hissəsi qüvvədə saxlanıb, mülki hissə isə ləğv edilib, yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Əli Əliyev 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib.
Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Əli Əliyevin və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən “54 gün mühasirədə” adlı sənədli film çəkilib. Əli Əliyev həmçinin “54 gün erməni mühasirəsində” kitabının müəllifidir.
Tanınmış jurnalist İmdad Əlizadə Əli Əliyevin altı övladından biridir.