Dekabrın 10-da Bakı Apellyasiya Məhkəməsi AXCP fəalı Orxan Baxışlının şikayəti üzrə qərar çıxarıb. Azadliq.org-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 sentyabr 2018-ci il hökmü qüvvədə saxlanıb.
Orxan Baxışlı bu il mayın 6-sı Bakıda tutulub. Mayın 8-də Yasamal Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.
Həbsindən bir neçə gün əvvəl – mayın 3-də Orxan Baxışlı 2005-ci ildə öldürülən jurnalist Elmar Hüseynovun Qurd qapısı qəbiristanlığındakı məzarı üstündə çıxış edib. Beynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş ziyarətdə gənc fəal Elmar Hüseynovun qətlində hakimiyyəti günahlandırıb. AXCP fəalları həbsi bu çıxışla bağlayırlar. Hüquq mühafizə orqanları isə gənc fəalın üstündən 6 qram heroin çıxdığını bəyan edib.
Sentyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi Orxan Baxışlıya 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Gənc fəal Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma və ya saxlama) maddəsi ilə təqsirli bilinib.
Dekabrın 10-u Bakı Apellyasiya Məhkəməsində çıxış edən Orxan Baxışlı deyib ki, siyasi baxışlarına, xüsusən mayın 3-də Elmar Hüseynovun məzarı başındakı çıxışına görə həbs olunub: “Heç olmasa vicdanlı olun, açıq deyin ki, buna görə tutmuşuq. Daha narkotik nədir? Mən narkotikin nə istifadəçisiyəm, nə də satanı”.
Orxan Baxışlı əlavə edib ki, onun cibinə narkotiki polis polkovniki Şirəli Babayev atıb.
Vəkil Elçin Sadıqov qeyd edib ki, Orxan Baxışlını polislər Milli Elmlər Akademiyasının bağında tutaraq əvvəlcə Yasamal Rayon Polis İdarəsinin 26-cı bölməsinə, oradan 28-ci bölməsinə aparıb, saatlarla qandallı vəziyyətdə saxlayandan sonra üstünə baxış keçirib narkotik tapdıqlarını iddia ediblər: “Əgər həqiqətən Orxanda narkotik olması barədə məlumat vardısa, niyə saxlayan kimi üstünə baxış keçirmirdilər? Sübutlar göstərir ki, Orxan üç saatdan artıq polislərin nəzarətində qandallı vəziyyətdə saxlandığı müddətdə narkotik onun cibinə atılıb”.