İnternetdə dolaşarkən bir elan diqqətimi çəkdi: “Xaricdə təhsil şansı əldə et!” Elan Türkiyənin nüfuzlu universitetlərində təhsil almaq imkanlarından bəhs edirdi. Öncə ağlıma bu suallar gəldi: Xaricdə təhsil həqiqətən də şansdırmı? Azərbaycandakı təhsillə Türkiyədəki təhsilin nə kimi fərqləri var? Üstünlüklər nədədir?
Azərbaycanlı gənclərin ali təhsil üçün üz tutduqları xarici ölkələr arasında Türkiyə birinci yerdə durur. Sonrakı yerlərdə Rusiya, Böyük Britaniya, Almaniya, Kanada və başqa ölkələrin adlarına rast gəmək olar.
Təkcə dil, din, mədəniyyət, coğrafi baxımdan yaxınlığına görə yox, təhsil üstünlüklərinə görə də Türkiyə – azərbaycanlı gənclər üçün çox əlverişli bir məkandır.
Türkiyənin Ali Təhsil Təşkilatının (Yükseköğretim Kurulu) 2016-cı ilə aid hesablamasında bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin sayı 12500 nəfər göstərilib.
Təşkilatın sonrakı dövrə aid statistikasına əsasən, 2017-2018-ci tədris ilində azərbaycanlı gənclərin Türkiyədə ən çox üz tutduqları ali təhsil ocağı Anadolu Universiteti olub. Sözügedən tədris ilində buraya 1123 azərbaycanlı qəbul edilib. Onların 78%-i, yəni 875 nəfəri oğlanlar, qalan 22%-i (248 nəfər) qızlardır.
Ali Təhsil Təşkilatının statistik məlumatlarına görə, azərbaycanlı gənc xanımlar ən çox Atatürk Universitetində təhsil alırlar (403 nəfər).
Ümumilikdə 2017-2018-ci tədris ilində Türkiyə universitetlərinə Azərbaycandan 15553 nəfər qəbul edilib. Onların 75.5%-i oğlan, 24.5%-i qızdır.
Göründüyü kimi, 2016-cı ilə nisbətən 2018-ci ildə Türkiyədə təhsil alan azərbaycanlıların sayı artıb.
Türkiyədə hər universitet ixtisaslaşması ilə seçilir. Yəni hər universitet müəyyən sahəni özü üçün prioritet seçib.
Hazırda Türkiyənin bəzi universitetləri dünya universitetləri reytinqində layiqli sıralarda durur.
Türkiyənin ən yaxşı 50 universiteti siyahısında ilk 10-luqda bu universitetlər yer alır:
Boğaziçi Universiteti. Bu, qəbul şərtləri ən çətin universitetlərdən biridir. Beynəlxalq standartlarda təhsil verən bu universitetin təhsil dili ingiliscədir. Boğaziçi Universiteti YÖS imtahanı ilə deyil, SAT imtahanı ilə qəbul aparır. Universitet hər ixtisas üzrə 3-5 xarici tələbə qəbul edir.
Qazi Universiteti. Ən çox əcnəbi tələbə qəbul edən universitetlərdən biridir. Türkcə və ingiliscə təhsil verir.
Ege Universiteti. Türkiyənin İzmir şəhərində yerləşir. İzmirdə yaşam şərtlərinin ucuz olması və sakit şəhər olması buradakı universitetlərə əlavə üstünlük qazandırır.
Qəbzə Texniki Universiteti. 1992-ci ildən fəaliyyət göstərməsinə baxmayaraq neçə ildir Türkiyə universitetləri arasında ilk 10-luqda yer alır.
Ankara Universiteti. 2017-ci ildə tibb sahəsi üzrə dünyanın 1000 universiteti arasında yer alıb.
İhsan Doğramacı Bilkənt Universiteti. Bu universitetdə təhsil ingiliscə verilir. Özəl universitetdir. 2016-cı ildə dünyanın ən yaxşı 411 universiteti, 2017-ci ildə dünyanın ən yaxşı 400 universiteti sırasına düşüb.
İstanbul Universiteti. Hüquq sahəsi üzrə mükəmməl təhsil axtaranlar üçün əla seçimdir. Universitet həm türkcə, həm də ingiliscə təhsil verir. 2011-ci ildə dünyanın ən yaxşı 500 universiteti sırasına daxil olub.
İstanbul Texniki Universiteti. 2015-2016-cı illərdə mühəndislik üzrə dünyada 173-cü, Türkiyədə isə 1-ci yeri tutmuş ali təhsil ocağıdır. Təbiət elmləri üzrə dünyada 307-ci, Türkiyədə isə yenə 1-ci yerdə qərar tutur.
Hacettepe Universiteti. Dövlət universitetidir, dörd dildə (türkcə, almanca, ingiliscə və fransızca) təhsil verir. Türkiyənin tibb üzrə öndə gedən universitetlərindəndir. “Daha irəliyə! Ən irəliyə!” şüarı onun qarşısına qoyduğu məqsədi aydın ifadə edir.
Yaxın Şərq Texniki Universiteti. Texniki elmlər üzrə ixtisaslaşıb. Qısa adı ODTÜ olan bu universitet Ankarada yerləşir. 94 fərqli ölkədən 1700 tələbənin təhsil aldığı ODTÜ ümumilikdə 27000 tələbəyə təhsil verir. 2013-cü ildə dünyanın 100 ən yaxşı reputasiyalı universitetləri siyahısındakı ilk 50 universitet arasında ÖDTÜ də yer alıb.
Azərbaycanlı gənclərin ali təhsil üçün daha çox Türkiyəni seçməsinin başqa səbəbləri də var. Türkiyənin dövlət universitetlərində illik təhsil haqqı Azərbaycana və bir sıra başqa ölkələrə nisbətən ucuzdur. Gediş-gəliş, yasayış xərcləri də baha başa gəlmir.
Pakizə Mütəllimova