Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi üzrə auditin nəticələri bəlli olub. Novator.az-ın məlumatına görə, Hesablama Palatası bildirir ki, audit 2016-2017-ci illər üzrə 805 milyon 850,9 min manat məbləğində vəsaiti əhatə edib.
Rəsmi bilgidə qeyd olunur ki, 2016-2017-ci illər ərzində təyin edilmiş pensiya işləri üzrə nöqsanlar olub, pensiya təyinatı aparılarkən əcnəbilərin ölkə ərazisində yaşayış statusu araşdırılmayıb, bir sıra hallarda Azərbaycan ərazisində sonradan daimi yaşamaq icazəsi almış vətəndaşlara onların müvəqqəti yaşadıqları dövrdə pensiya təyin edilib: “Ölkə üzrə aktiv olan pensiyaçıların adlı siyahısının idarədə olan aktiv pensiya işlərinin adlı siyahısı ilə üzləşdirilməsi zamanı idarənin pensiyaçılar üzrə elektron bazasında bir çox pensiyaçıların şəxsiyyət vəsiqələrinin seriya nömrələrində yanlışlıqlar olduğu, həmin seriya nömrələrinin səhv göstərildiyi, idarədə qeydiyyatda olan pensiyaçılardan 64 nəfərin eyni dövrdə fondun 33 rayon (şəhər) şöbəsi üzrə də əmək pensiyası aldığı müəyyən edilib. Eyni zamanda əlilliyə görə əmək pensiyası təyin edilmiş 285 nəfər pensiyaçının pensiya təyin olunduqdan sonra və ya həmin dövrdə işlədiyi halda onlara pensiyanın sığorta hissəsi olmaqla artıq pensiya məbləğinin ödəndiyi, əmək pensiyası alanların adlı siyahısının 22 iş üzrə pensiya alan şəxslərin vəfat etdiyi tarixdən sonra hesablarının bağlanmadığı, fondun 36 rayon (şəhər) şöbəsi üzrə 63 nəfərin müavinət almaq hüququnun olmamasına və ya həmin hüququn qanunvericiliklə müəyyən edilmiş hallarda və müddətlərdə bitməsinə baxmayaraq onlara ödənişlərin davam etdirildiyi, bu nöqsanlar nəticəsində də artıq sosial müavinət ödənişinə yol verildiyi aşkar edilib.
Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin təyin edilməsi və ödənilməsi istiqamətində də nöqsanlara yol verilib, 53 halda artıq müavinət ödənib, audit olunan dövrün əvvəlinə olan 8 milyon 176,2 min manat məbləğində debitor borcların aradan qaldırılması istiqamətində qanunvericiliklə müəyyən edilmiş müvafiq tədbirlərin tam həyata keçirilməməsi səbəbindən həmin məbləğ audit olunan dövrün sonunda əvvəlinə nisbətən 54,6 % artıb, daxili nəzarət fəaliyyəti qənaətbəxş səviyyədə təşkil edilməyib və aparılmayıb, həyata keçirilmiş daxili nəzarət tədbirləri nəticəsində aşkar edilmiş pozuntu və nöqsanların aradan qaldırılması istiqamətində görülmüş tədbirlər yetərli olmayıb, həmin tədbirlər nəticəsində aşkar edilmiş eynitipli nöqsanlara hazırkı audit zamanı da rast gəlinib.
Fərdi uçotun təşkili sahəsində də nöqsanlara yol verilib, fərdi uçot üzrə müvafiq hesabatların təqdim edilmədiyi hallarda zəruri tədbirlər həyata keçirilməyib, müvafiq hesabatların və məlumatların olmaması səbəbindən ödənmiş vəsaitlərin sığortaolunanların fərdi hesablarına işlənməməsi hallarına rast gəlinib”.