Xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 6-sı ATƏT Nazirlər Şurasının Milan sessiyasında çıxış edib. Mfa.gov.az-ın məlumatına görə, nazir deyib ki, ATƏT məkanındakı münaqişələr sülhə və təhlükəsizliyə ən ciddi təhdid olaraq qalır: “Azərbaycanın prinsipial mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsinə əsaslanır. Nazirlər Şurasının Vyanada keçirilmiş sonuncu sessiyasından (7 dekabr 2017-ci il – red.) bəri Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində heç bir konkret irəliləyiş görməmişik. Əfsus ki, vasitəçi ölkələr gücdən istifadə etməklə ərazilərin ilhaqının yolverilməzliyi, beynəlxalq hüququn ciddi pozulması ilə nəticələnmiş vəziyyətin tanınmaması öhdəliyi və bu vəziyyətin saxlanmasına köməklik və ya yardım göstərilməsindən çəkinmək kimi fundamental prinsipləri selektiv tətbiq edir.
Eyni zamanda Ermənistanın danışıqlar formatını sual altına almağa davamlı cəhdləri müşahidə olunur. Diasporunun fəal dəstəyi ilə Yerevan yüz minlərlə azərbaycanlı məcburi köçkünün hüquqlarının pozulması, Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik, mədəni və fiziki xarakterinin dəyişdirilməsi təcrübəsini davam etdirir. 1949-cu ilin Cenevrə konvensiyalarını və onların əlavə protokollarını kobudcasına pozan Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma və digər fəaliyyətlərini davam etdirir. İşğal olunmuş ərazilərdə qeyri-qanuni hərbi və mülki infrastrukturun yaradılması da daxil olmaqla qanunsuz fəaliyyət Ermənistanın işğalı möhkəmləndirmək və baş vermiş faktla üz-üzə qoymaq məqsədi daşıyan niyyətini və sistemli siyasətini nümayiş etdirir. Bu addımlar, xüsusilə də Ermənistanın imtina etməsi səbəbindən Azərbaycanın işğal olunmuş ərazilərinə araşdırıcı qiymətləndirmə missiyasının göndərilməsində uğursuzluq sülh prosesində etimada xələl gətirir.
Biz iştirakçı dövlətləri Ermənistanın, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış, Ermənistanın tabeliyində olan qanunsuz rejimin agentlərinin suveren torpaqlarının Azərbaycanın qanuni təhlükəsizlik maraqlarına qarşı istifadə etməsinin qarşısını almaq üçün təxirəsalınmaz effektiv addımlar atmağa çağırırıq.
BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktının prinsipləri və ATƏT-in qərarları və sənədləri münaqişənin həllinin və Minsk Konfransının həmsədrlərinin mandatının əsasını təşkil edir. BMT-nin 1993-cü ildə qəbul etdiyi qətnamələr işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını və qarşılıqlı addım kimi kommunikasiya və nəqliyyat əlaqələrinin açılmasına və məcburi köçkünlərin evlərinə qayıtmasına yardım göstərməyi tələb edir. Bu yanaşmanın əsas konsepsiyası münaqişənin nəticələrini aradan qaldırmağa, digər siyasi məsələlərin isə Minsk Konfransı çərçivəsində davam edən danışıqlar vasitəsilə həllinə əsaslanır.
Azərbaycan hesab edir ki, sülhə, sabitliyə və qarşılıqlı faydalı regional əməkdaşlığa alternativ yoxdur və o, münaqişənin qısa zamanda siyasi həllində ən maraqlı tərəfdir. Münaqişənin həlli yalnız beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür.
Azərbaycan torpaqlarının hərbi işğalı həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək”.
Nazir əlavə edib ki, dekabrın 5-də ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri ilə çox mühüm və faydalı məsləhətləşmələr keçirilib: “İl ərzində ilk dəfə ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanla Azərbaycanın xarici işlər nazirləri birgə bəyanatı razılaşdırmağa nail oldu. Ən vacib məqamlardan biri intensiv və nəticəyə yönəlmiş, o cümlədən yüksək səviyyədə danışıqların aparılmasıdır. Hesab edirəm ki, Ermənistanda seçki yekunlaşdıqdan və yeni hökumət formalaşdıqdan sonra biz gələn il ciddi irəliləyiş əldə etməli və bölgəyə sülh, sabitlik və tərəqqinin gətirilməsi imkanını yaratmalıyıq”.
1988-ci ilin fevralında Azərbaycanın Mardakert, Əsgəran, Martuni, Hadrut, Şuşa rayonları və Stepanakert şəhərindən ibarət Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. Hərbi əməliyyatlar dövründə ermənilər Dağlıq Qarabağı və onun ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını işğal ediblər.
1994-cü ilin may ayından atəşkəs rejimi qüvvədədir.
ATƏT Xarici İşlər Nazirləri Şurasının 24 mart 1992-ci il qərarı Minsk şəhərində Dağlıq Qarabağa dair sülh konfransının çağırılmasını nəzərdə tutur. Bu məqsədlə yaradılan ATƏT-in Minsk qrupunda Azərbaycan və Ermənistanla yanaşı ABŞ, Rusiya, Fransa (həmsədrlər), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə təmsil olunur.