ABŞ dollarının rəsmi qiymətində sabitlik 9-cu ayı tamamlayıb. Dekabrın 7-də Mərkəzi Bank dolları yenə 1,7 manata təklif edir. Bu kurs martın 7-dən qüvvədədir.
Novator.az bildirir ki, 2015-ci ildə dolların rəsmi kursu 0,7844 manatdan 1,5594 manata qalxıb. 2016-cı ilə 1,7707 manatla nöqtə qoyulub. 2017-ci il 1,7001 manatla başa çatıb və həmin kurs bu il martın 7-də indiki qiymətə dəyişib.
Digər valyutaların 7 dekabr məzənnələrinə gəlincə, bahalaşan avro 1,9335, Gürcüstan larisi 0,6368, İngiltərə funt sterlinqi 2,1717, Türkiyə lirəsi 0,3185 manata satılır.
Dəyər itirən Rusiya rublu isə 0,0255 manatadır (Tam siyahı).
Avro 2018-ci ilə 2,0431, lari 0,6601, funt 2,2985, rubl 0,0297, lirə 0,4495 manatla start verib.
Dövlət Neft Fondu manatı qorumaq üçün Mərkəzi Bankın yanvar-noyabr aylarında keçirdiyi valyuta hərraclarında 5 milyard 783,3 milyon ABŞ dolları məbləğində vəsait satıb.
Rəsmi hesabatlara görə, yanvarın hərraclarında fonddan 299,1 milyon dollar, fevralın hərraclarında 364,1 milyon dollar, martın hərraclarında 647 milyon dollar, aprelin hərraclarında 802,6 milyon dollar, mayın hərraclarında 422,7 milyon dollar, iyunun hərraclarında 439 milyon dollar, iyulun hərraclarında 536,6 milyon dollar, avqustun hərraclarında 733,7 milyon dollar, sentyabrın hərraclarında 394,8 milyon dollar, oktyabrın hərraclarında 489,6 milyon dollar, noyabrın hərraclarında 654,1 milyon dollar məbləğində vəsait alınıb.
Mərkəzi Bankın məlumatına əsasən, dekabrın 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 590,9 milyon dollar olub. Yanvarın 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 334,6 milyon dollar idi.