Avropa İnsan Hüquqları Məhkəməsi dekabrın 6-da məhbus jurnalist Seymur Həzinin şikayəti üzrə qərarını elan edib. Meydan.tv-nin məlumatına görə, qərarda Azərbaycan məhkəmələrinin Seymur Həzinin Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş azadlıq və toxunulmazlıq hüququnu pozduğu vurğulanıb.
Qərar Azərbaycan dövlətinin Seymur Həziyə 14 min 500 avro təzminat ödəməsini nəzərdə tutur.
“Azadlıq” qəzetinin və xaricdən yayılan “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı olan Seymur Həzi 2014-cü il avqustun 29-da tutulub. Məhərrəm Həsənov adlı şəxsə xəsarət yetirməkdə ittiham olunan jurnalist Abşeron Rayon Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Seymur Həzi isə ittihamı rədd edir və hakimiyyəti tənqid edən yazılarına, çıxışlarına görə həbs olunduğunu bildirir.
Seymur Həzi Bakıdakı 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.