Dekabrın 3-ü Vergilər Nazirliyində keçirilən brifinqdə Vergi Məcəlləsinə 2019-cu ildən qüvvəyə minəcək əlavə və dəyişikliklərə toxunulub. Vergi Siyasəti Departamentinin baş direktoru Samirə Musayeva qanunvericiliyə edilmiş ən mühüm dəyişiklik kimi qeyri-neft sektorunun özəl bölməsində çalışan vətəndaşların maaşlarından tutulan vergilər üzrə güzəştlərin verilməsini qeyd edib: “Dəyişikliyə əsasən, aylıq əməkhaqqı 8000 manata qədər olan vətəndaşlar üçün 7 il müddətində gəlir vergisi üzrə 100 faizlik güzəşt verilib, 8000-dən yuxarı olan məbləğdə muzdlu işlə əlaqədar gəlir əldə edən fiziki şəxslər üzrə isə gəlir vergisi 14 faiz həcmində müəyyənləşdirilib.
Başqa bir yeniliyə əsasən, pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə (neft və qaz məhsulları istisna olmaqla) ödənilmiş ƏDV-nin nağdsız ödənişlərdə 15 faizi, nağd ödənişlərdə isə 10 faizi nəzarət-kassa aparatının çeki əsasında istehlakçılara geri qaytarılacaq. Bu qaydaların tətbiqi ilə bağlı əlavə qanunvericilik aktı qəbul olunacaq”.
Qeyd olunub ki, Vergi Məcəlləsinə daxil edilmiş yeni müddəalarla sadələşdirilmiş vergitutuma metodunu tətbiq etmək hüququ olan şəxslərin dairəsi məhdudlaşdırılıb: “Dəyişikliyə əsasən, işçi sayı qanunla müəyyən edilən həddən çox olan istehsal fəaliyyətini, topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının satışını, xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslərin, habelə lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslərin (bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Qanunla sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılan vergi ödəyiciləri 2019-cu ildən mənfəət (gəlir) vergisinin ödəyicisi kimi fəaliyyət göstərəcəklər.
Özəlləşdirmədə iştirak edən investorların əmlak vergisindən azad edilməsi, vergi ödəyicisinin azı 3 il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmlərin satışına vergi güzəştinin tətbiq edilməsi və həmçinin həssas sosial təbəqələrə (şəhid ailələrinə) güzəştin verilməsi kimi sosial yönümlü dəyişikliklər də var.
Vergi ödəyicilərinin hüquqularının genişləndirilməsi və sahibkarlığın inkişafının dəstəklənməsi məsələləri də diqqətdən kənarda qalmayıb. Sadələşdirilmiş vergi dərəcəsinin bütün ölkə ərazisində 2 faizə endirilməsi, pərakəndə ticarət və iaşə sahələrində nağdsız ödənişlər üzrə güzəştlərin verilməsi və inzibati şikayət zamanı bank hesabından və ƏDV-nin depozit hesabından pul vəsaitinin silinməsinin dayandırılması bu istiqamət üzrə edilən dəyişikliklərə aiddir”.
Samirə Musayeva mikro biznes, kiçik və orta sahibkarlıq subyektləri üçün gəlir, mənfəət, əmlak, torpaq vergisi və ƏDV üzrə güzəştlərin də nəzərdə tutulduğunu diqqətə çatdırıb: “Kiçik və orta biznes (KOB) klasterinə daxil olan şirkətlər KOB reyestrində qeydiyyata alındıqları andan etibarən 7 il müddətinə mənfəət, torpaq və əlavə dəyər vergisindən azad edilirlər. KOB klasterinə daxil olan şirkətlər üçün istehsal və emal məqsədilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə ƏDV-dən azad edilir. Kiçik və orta biznes klasterinin iştirakçısı olan sahibkarlıq subyektlərinin KOB klaster şirkəti ilə bağladığı müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi gəlirin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi 7 il müddətinə gəlir (mənfəət) vergisindən azad olunur.
Mikro-sahibkarlıq subyektləri üçün nəzərdə tutulan güzəştlərə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və mənfəətin 75%-nin vergidən azad edilməsi daxildir. Bundan başqa mikro-sahibkarlıq subyekti olan fərdi sahibkarlar və hüquqi şəxslər əmlak vergisindən azad edilirlər. Həmçinin mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan startapların startap fəaliyyəti üçün şəhadətnamə aldıqları andan etibarən 3 il müddətinə gəlir və mənfəət vergisi ödənişindən azad edilir”.