Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitini təxirə salmağa çağırıb. Novator.az-ın məlumatına görə, bunu jurnalistlərə Ermənistan hökumətinin başçısı Nikol Paşinyan deyib.
KTMT-nin sammiti dekabrın 6-sı Rusiyanın Sankt-Peterburq şəhərində keçirilməli, üzv ölkələrin liderlərinin daxil olduğu ali orqan – Kollektiv Təhlükəsizlik Şurası yeni baş katib seçməli idi.
Hərbi-siyasi birlik olan KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. Qurumda ali vəzifəli şəxs olan baş katib postunu 2017-ci il mayın 2-dən erməni general-polkovnik Yuri Xaçaturov tutub. Bu il oktyabrın 30-da o, Ermənistanın təşəbbüsü ilə vəzifədən uzaqlaşdırılıb. Baş katib səlahiyyətləri müvəqqəti olaraq müavin Valeri Semerikova verilib.
Ermənistan baş katib postuna sabiq müdafiə naziri Vaqarşak Arutyunyanı namizəd göstərib. Ancaq Belarusla Qazaxıstan Ermənistan nümayəndəsinin yenidən baş katib olmasını istəmirlər. Noyabrın 8-i Astanada keçirilən sammitdə baş katibi buna görə seçmək mümkün olmayıb və məsələ dekabrın 6-na – Sankt-Peterburq sammitinə saxlanıb.
Dekabrın 1-də jurnalistlərə açıqlama verən Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan deyib ki, Rusiya prezidenti Vladimir Putin son telefon söhbətində (rəsmi bilgiyə görə, noyabrın 16-da) Sankt-Peterburq sammitini təxirə salmağı, baş katib məsələsini işçi qaydada müzakirə ilə yoluna qoymağı təklif edib. Nikol Paşinyan Rusiya prezidentinin təklifini qəbul etdiyini vurğulayıb: “Baş katib məsələsində konsensus əldə edənədək işçi qaydada müzakirə aparıb sammitə hazır qərarla getmək doğrudur”.