Ermənistan hökumətinin başçısı Nikol Paşinyan Dağlıq Qarabağ hakimiyyətinə sərt irad bildirib. Novator.az-ın məlumatına görə, Çəmbərək şəhərində keçirilən seçki mitinqində danışan Nikol Paşinyan Qarabağ rejiminin başçısı Bako Saakyanı hakimiyyət nümayəndələrinin öz işləri ilə məşğul olmasını təmin etməyə çağırıb: “Mən Qarabağ hakimiyyəti nümayəndələrinin Ermənistandakı seçki prosesləri ilə bağlı fəallığını başa düşmürəm. Anlamıram onlar niyə seçki proseslərinə qarışmağa cəhd göstərirlər. Bununla bağlı çoxlu sualım var və mütləq Qarabağ hakimiyyəti ilə müzakirə aparacam.
Mən nə deyirəm, Qarabağ prezidentinin mətbuat katibi gündə bir neçə dəfə onu şərh edir. Onlar fikirləşmir ki, mənim mətbuat katibim Qarabağda baş verən məlum və qeyri-məlum hadisələri şərh etməyə başlasa nələr olar?! Özünüzə gəlin, öz işlərinizlə məşğul olun!”
Nikol Paşinyanın blokunda təmsil olunan Sasun Mikaelyan noyabrın 26-da keçirilən seçki mitinqlərinin birində 2018-ci ilin yazında Ermənistanda baş vermiş məxməri inqilabı Qarabağ müharibəsində qələbədən daha vacib hadisə adlandırıb. Bu açıqlama Dağlıq Qarabağda etiraz doğurub, rejimin bəzi nümayəndələri sərt açıqlamalar veriblər. Nikol Paşinyan əvvəlki çıxışlarının birində Sasun Mikaelyanı müdafiə edərək deyib ki, o, məxməri inqilabı Qarabağ müharibəsində qələbənin möhkəmlənməsi kontekstində vacib hadisə adlandırıb.
Noyabrın 26-dan Ermənistanda növbədənkənar parlament seçkisinin təşviqat mərhələsi gedir. Baş nazir səlahiyyətlərinin icraçısı Nikol Paşinyan dekabrın 9-da keçiriləcək seçkidə “Mənim addımım” blokunun namizədlərinin siyahısına başçılıq edir.
1975-ci il iyunun 1-də İcevan şəhərində doğulan Nikol Paşinyan əsası 2013-cü ildə qoyulmuş Vətəndaş Sazişi Partiyasının lideridir. 2017-ci ilin parlament seçkisində Vətəndaş Sazişi Partiyası daha iki partiya ilə birgə “Çıxış” bloku yaradıb. Blok 105 nəfərlik parlamentə 9 mandat qazanıb.
2018-ci il martın 31-dən Nikol Paşinyan Ermənistanın bir çox şəhəri boyunca prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı yürüş keçirib. Aprelin 13-dən Yerevanda onun başçılığı ilə keçirilən davamlı aksiyalarda Serj Sərkisyanın hakimiyyətdən getməsi tələb edilib.
Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də istefa verib.
Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib. Oktyabrın 16-da o, növbədənkənar parlament seçkisinə yol açmaq üçün istefa verib, ancaq baş nazir səlahiyyətlərinin icraçısı olaraq qalır.
1988-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ilin mayında atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal edib.