Noyabrın 23-də neft yenə ucuzlaşıb. London birjasında brent markalı neftin bir barreli 61,83 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 53,21 dollara düşüb.
Azərbaycan nefti “AzəriLayt”ın bir barreli 64,98 dollara satılır.
Novator.az bildirir ki, “AzəriLayt” 2018-ci ilə 69,89 dollarla start verib. Fevralın əvvəlində Azərbaycan neftinin barreli 70,33 dollara, martın əvvəlində 66,61 dollara, aprelin əvvəlində 69,86 dollara, mayın əvvəlində 75,95 dollara, iyunun əvvəlində 79,46 dollara təklif edilib.
İyulun start qiyməti 79,23 dollar, avqustun start qiyməti 75,75 dollar, sentyabrın start qiyməti 79,73 dollar, oktyabrın start qiyməti 85,94 dollar, noyabrın start qiyməti 77,23 dollar olub.
Azərbaycanın 2018-ci il büdcəsində neftin qiyməti 55 dollardan götürülüb.
AZƏRTAC-ın 23 noyabr şərhində qeyd olunur ki, neftin qiymətinin düşməsinə qlobal iqtisadi proseslərlə yanaşı rəsmilərin bəyanatları da təsir göstərir: “Səudiyyə Ərəbistanı gah neft istehsalının rekord səviyyəyə çatdığını bəyan edir, gah da ixracını azaldacağını açıqlayır. Ölkənin energetika, sənaye və təbii sərvətlər naziri noyabrda oktyabrla müqayisədə daha çox neft hasil olunduğunu deyir. Hazırda Səudiyyə Ərəbistanının gündəlik neft istehsalı 10,7 milyon barreldən çoxdur. Nazir daha əvvəl dekabrda Səudiyyə Ərəbistanının neft ixracını 500 min barrel azaldacağını bəyan etmişdi.
ABŞ prezidenti Donald Tramp həftə ərzində iki açıqlaması ilə neftin qiymətinin geriləməsində bilavasitə rol oynadı. İlk açıqlamasında Tramp Birləşmiş Ştatların Səudiyyə Ərəbistanı ilə ticari müqavilələri davam etdirəcəyini bildirdi: “100 milyard dollardan imtina etməyəcəyik. İmtina etsək, neftin qiyməti kəskin artacaq”.
Tramp Səudiyyə Ərəbistanı ilə özünün şəxsi ticari əlaqəsinin olmadığını söyləyib: “Əgər biz rəsmi Ər-Riyada hərbi avadanlıqlar satmasaq, Səudiyyə Ərəbistanının bu tələbatını Rusiya və Çin təmin edəcək. Nəticədə Rusiya və Çin bu vəziyyətdən çox razı qalacaq”.
ABŞ prezidenti ikinci açıqlamasında “qara qızıl”ın ucuzlaşmasından razı qaldığını vurğuladı: “Neftin qiyməti düşür. Əla! Bu, Amerika və dünya üçün böyük vergi endirimi kimidir. Təşəkkürlər, Səudiyyə Ərəbistanı! Lakin neft daha da ucuzlaşmalıdır”.
Bundan başqa ötən həftə Birləşmiş Ştatların neft ehtiyatları 4,9 milyon barrel artaraq 446,91 milyon barrelə yüksəlib və bu, rekord göstəricidir. ABŞ-ın gündəlik neft hasilatı isə 11,7 milyon barrel səviyyəsində qalıb”.
AZƏRTAC-ın şərhində qeyd olunur ki, Rusiya Mərkəzi Bankının sədri neftin bir barrelinin qiymətinin 35 dollara düşəcəyi təqdirdə ölkə iqtisadiyyatının tənəzzülə uğrayacağına dair bəyanatı da bazarda birmənalı qarşılanmayıb: “Rusiya Mərkəzi Bankının sədri deyib ki, risk ssenarisinə görə, 2019-cu ildə neftin bir barrelinin qiyməti 35 dollara düşə bilər: “Əgər bu reallaşarsa, sanksiyaların da təsiri ilə 2019-cu ildə Rusiya iqtisadiyyatı tənəzzülə uğrayar”.
Gələn il neftin qiymətinin 55 dollar səviyyəsinə düşməsini ən mümkün ssenari kimi qiymətləndirdiklərini vurğulayan Rusiya Mərkəzi Bankının sədri deyib: “Bu vəziyyətdə 2019-cu ildə Rusiyada iqtisadi artım nisbəti 1,1 ilə 1,7 faiz səviyyəsinə geriləyər. Neftin bir barrelinin qiyməti 75 dollar səviyyəsində qalarsa bu, büdcə üçün yaxşı olar, iqtisadi artım isə 1,5 və ya 2 faiz yüksələr”.
Ekspertlərin fikrincə, Donald Trampın “qara qızıl”ın qiymətinin aşağı istiqamətli dəyişməsi üçün OPEK və Səudiyyə Ərəbistanına qarşı təzyiqləri, eləcə də ABŞ-da artan ehtiyatlar neftin qiymətinin geriləməsinə gətirib çıxardı. Lakin OPEK və tərəfdaşlarının tədarükü azaltmaq barədə razılığa gəlmələri proseslərin fərqli yöndə dəyişməsinə səbəb ola bilər”.