Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsi Suriyada terrorçuların maliyyələşdirilməsində iştirak edən Azərbaycan vətəndaşlarının tutulduğunu açıqlayıb.
Şöbənin noyabrın 22-də yaydığı məlumatda deyilir ki, Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.2 (cinayətkar birlikdə iştirak etmə), 283-1.3 (Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə başlanmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri aparılır: “Terrorçuluğa qarşı mübarizə istiqamətində davam edən kompleks araşdırmalar zamanı BMT-nin terror təşkilatı kimi tanıdığı dini ekstremist cinayətkar birliyin tərkibində Azərbaycandan kənarda aparılan silahlı münaqişələrdə iştirak edərək terror aktları törədən şəxslərin gizli maliyyələşdirildiyi təsbit olunub.
Müəyyən edilib ki, Azərbaycan vətəndaşları – Ağayev İlqar Ərşad oğlu, İbrahimov Sahil Fəhrad oğlu, Məmmədov Namiq Natiq oğlu və digərləri 2017-ci ilin oktyabr ayından etibarən Suriya ərazisində silahlı münaqişələr aparan terror təşkilatı üzvlərinin və onların cinayətkar fəaliyyətinin təmin edilməsi məqsədilə ayrı-ayrı ölkələrdəki terror təşkilatı üzvlərinin göndərdikləri pul vəsaitlərinin, habelə həmin silahlı münaqişələrdə iştirak edənlərin yaxınları ilə əlaqəyə girib aldıqları pulların, ümumilikdə 500 min ABŞ dollarından çox pulun müxtəlif yollarla təşkilatın Suriya ərazisində fəaliyyət göstərən üzvlərinə göndərilməsini və çatdırılmasını təmin ediblər.
Qeyd olunan şəxslər cinayət məsuliyyətinə cəlb edilib, məhkəmənin qərarı ilə onlar barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam edir”.