Danışıqların detalları
- 23 Noyabr 2018
- comments
- Novator.az
- Posted in ManşetXəbər
Aşqabadda bir araya gələn Azərbaycan və Türkmənistan prezidentləri İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov noyabrın 22-si sənədlərin imzalanması mərasimindən sonra jurnalistlərin qarşısına çıxıblar.
Qurbanqulu Berdiməhəmmədov media nümayəndələrinə həmkarı ilə çox yaxşı, konstruktiv danışıqlar apardığını deyib: “İkitərəfli münasibətlərimizin bütün aspektlərini, onların cari və perspektiv vəziyyətini, regional və beynəlxalq siyasətə dair məsələləri nəzərdən keçirdik. Həm Türkmənistanın, həm də Azərbaycanın beynəlxalq məsələlər barədə baxışları eynidir, yaxud bənzərdir. Bunlar həm regionda, həm də bütün dünyada sabitliyin və təhlükəsizliyin qorunub saxlanması məsələləridir. Buna görə də bu gün biz beynəlxalq aləmdə xarici siyasi kursumuzdan, Türkmənistanın bitərəf statusundan irəli gələn bütün təşəbbüslərini daim dəstəklədiyinə görə Azərbaycana minnətdar olmalıyıq. Eyni zamanda biz də qardaş Azərbaycanı daim dəstəkləyirik.
Bu gün həm də bizi birləşdirən ümumi məsələlərimiz üzrə fikir mübadiləsi apardıq. Bu, Xəzər dənizi məsələsidir. Bu yaxınlarda Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya qəbul olunub. Biz həmişə bildiririk ki, Xəzər dənizi sülh və mehriban qonşuluq dənizidir.
Bu gün ticari-iqtisadi məsələlərdən danışarkən çox böyük aspekti, yaxşı təmasa malik olduğumuz sahələri – kənd təsərrüfatını, tikintini, sənayeni, yeni texnologiyaları nəzərdən keçirdik. Nəqliyyat məsələlərinə, məhz nəqliyyat-tranzit dəhlizlərinin və düzgün logistikanın tərtib olunmasına toxunduq.
Əlbəttə, əsas məsələlər energetika məsələləri idi. Bu məsələdə biz həmişə həmrəyik. Biz enerji resurslarımızı həm regional, həm də beynəlxalq bazarlara çıxarmaq imkanına malikik. Bu baxımdan mən dövlətlərimiz arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyətinə görə minnətdar olmaq istərdim. Həmin komissiya çox iş görür və yəqin ki, gələcəkdə də görəcək”.
Türkmənistan prezidenti hər iki ölkənin tranzit dəhlizləri inkişaf etdirmək, düzgün logistika tərtib etmək istədiyini vurğulayıb: “Bu, avtomobil və bərə nəqliyyatına, hava məkanına, dəmir yollarına aiddir. Ən başlıcası odur ki, indi bizim aramızda məhz nəqliyyat-tranzit dəhlizləri və logistikanın inkişafı məsələləri ilə məşğul olacaq xüsusi komissiya fəaliyyət göstərəcək.
Türkmənistanla Azərbaycan arasında xeyli nümunəvi cəhətlər var. Biz Əfqanıstan, Türkmənistan, Azərbaycan və Türkiyə arasında Avropaya çıxışla bağlı nəqliyyat sazişi imzaladıq. Bu, Şərq-Qərb xəttinə aiddir, ya da biz burada bütün Orta Asiyanı Avropa ilə birləşdiririk.
Biz bu gün sənədlər paketi ilə yanaşı 2019-2021-ci illər üçün ticari-iqtisadi sahənin inkişafı haqqında da əməkdaşlıq proqramı qəbul etdik. Bu bir daha ondan xəbər verir ki, biz gələcəkdə də əmtəə nomenklaturamızı inkişaf etdirə bilərik”.
İlham Əliyev səfərinin iki ölkə arasında münasibətlər tarixində xüsusi yer tutacağını qeyd edib: “Münasibətlərin çox böyük potensialı var. Bu gün aparılan danışıqlarda, prezidentlər arasında təkbətək formatda, eləcə də nümayəndə heyətlərinin iştirakı ilə aparılan fikir mübadiləsi zamanı biz əməkdaşlığımızın mühüm məsələlərini müzakirə etdik. Biz görülən işlərə yekun vurduq və gələcək qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirdik. Bu gün 20-dən çox sənəd imzalanıb və onların hər birinin olduqca konkret xarakteri var. Bu, münasibətlərimizin, əməkdaşlıq həcminin və nailiyyətlərimizin, bir-birimizə qardaşlıq münasibətinin göstəricisidir. Yalnız yaxın ölkə ilə həyat fəaliyyətinin bu cür müxtəlif istiqamətləri üzrə işləmək mümkündür.
Biz gələcəkdə də bir-birimizə beynəlxalq qurumlarda, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək göstərməyə razılaşdıq. Türkmənistan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda həmişə bir-birini dəstəkləyir. Bu, adi hala çevrilib və bizim münasibətlərimizin səmimiliyini göstərir.
Biz ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılması üzərində fəal işləyəcəyik. Ölkələrimiz arasında fəaliyyət göstərən hökumətlərarası komissiyaya müvafiq tapşırıqlar vermişik ki, onlar Azərbaycandan Türkmənistana və Türkmənistandan Azərbaycana ixracı artırmaq üzrə işi fəallaşdırsınlar. Malların konkret siyahısı var və qurumların müvafiq rəhbərləri bu məsələləri müzakirə edirlər. Fikrimcə, biz konkret istiqamətlərə diqqəti yönəltsək, qısa müddət ərzində əmtəə dövriyyəmizi daha da artıra bilərik.
Nəqliyyat sahəsində əməkdaşlıq məsələlərinə böyük yer ayrılıb. Səfər ərəfəsində bizim nümayəndə heyətlərimiz fəal işləyiblər, bir neçə raund danışıqlar aparıblar və Şərq-Qərb beynəlxalq dəhlizinin fəaliyyətinin əsas məsələlərini razılaşdırıblar. Türkmənistan və Azərbaycan müasir nəqliyyat infrastrukturunun yaradılması və logistika imkanları üçün böyük iş aparıblar. Biz əvvəlcədən razılaşmamışdıq, amma belə alındı ki, paralel yollarla getdik. Bu da təbiidir, çünki bu, ölkələrimiz və xalqlarımız üçün zəruri olan məsələdir. Təsadüfi deyil ki, həm Türkmənistanda, həm də Azərbaycanda bu il beynəlxalq ticarət limanlarının açılması eyni vaxtda, eyni ayda – may ayında baş verib. Hərə öz ərazisində bu layihələrə sərmayə qoymağa başlayanda biz uzaqgörənliklə hərəkət etdik. Biz ticarət limanlarımızın tam inteqrasiyası haqqında danışırıq, müvafiq sənəd bu gün imzalanıb. Bu, ölkələrimiz üçün əmtəə dövriyyəsini və tranzit daşımaları artırmaq imkanları yaradır. Biz qonşularımız üçün də böyük potensial yaradırıq. Bizim mühüm nəqliyyat qovşaqları kimi gələcək uğurlu inkişafımız regional vəziyyətdən də asılıdır. Buna görə də bizim qonşularımızla yaxşı münasibətlərimiz regionda təhlükəsizliyi, sabitliyi möhkəmləndirir, eləcə də Azərbaycanla Türkmənistanı mühüm nəqliyyat qovşaqlarına çevirir.
Müasir infrastruktur, nəqliyyat sahəsinə böyük sərmayələr işləmək üçün gözəl şərait yaradır. Rəqəmləri göstərmək istəmirəm, amma əminəm ki, yaxın vaxtlarda biz Türkmənistanla Azərbaycan arasında yük axınının xeyli artımını görəcəyik. Bakının Beynəlxalq Ələt Ticarət Limanında Türkmənistandan əlavə yüklərin qəbulu üçün xüsusi yer ayrılır və biz sözsüz ki, Şərq-Qərb, Qərb-Şərq marşrutları üzrə ölkələrimiz arasında tranzit yüklərin həcminin artdığını görəcəyik.
Ötən il o vaxta qədər mövcud olmayan və dünya bazarlarına çıxış əldə etmək üçün son əlaqələndirici bənd olan Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi. Bu, dünya bazarlarına çıxmaq üçün daha bir əlavə marşrutdur. Əminəm ki, bu marşrut ölkələrimizə böyük mənfəət gətirəcək, bütün nəqliyyat razılaşmaları paketi regionda təhlükəsizliyi möhkəmləndirəcək. Çünki nəqliyyat sahəsi yeni iş yerlərinin yaradılmasına, iqtisadi fəallığa, Böyük İpək Yolu üzərində yerləşən ölkələrin həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq. Bununla da sabitlik və təhlükəsizlik möhkəmlənəcək”.