QHT Şurasının yenilənmiş əsasnaməsi
- 21 Noyabr 2018
- comments
- Novator.az
- Posted in ManşetXəbər
Novator.az Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yenilənmiş əsasnaməsini təqdim edir:
Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra – Şura) “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 iyul tarixli 2288 nömrəli Sərəncamına uyğun olaraq yaradılır.
1.2. Şura dövlət orqanları ilə Qeyri-Hökumət Təşkilatları arasında əməkdaşlığın təşviqi və Qeyri-Hökumət Təşkilatlarına dövlət dəstəyinin həyata keçirilməsi sahəsində ixtisaslaşmış orqan funksiyasını yerinə yetirir.
1.3. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarlarını və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.4. Şura öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq, qərəzsizlik prinsipləri əsasında qurur.
1.5. Şura öz fəaliyyətində müstəqildir və vəzifələrini yerinə yetirərkən dövlət və yerli özünüidarə orqanları, yerli, xarici və beynəlxalq Qeyri-Hökumət Təşkilatları ilə tərəfdaşlıq əsasında qarşılıqlı fəaliyyət göstərir.
1.6. Şuranın fəaliyyətini təmin etmək məqsədilə Şuranın Katibliyi (bundan sonra – Katiblik) yaradılır.
1.7. Şura tərəfindən Qeyri-Hökumət Təşkilatlarına dövlət dəstəyinin həyata keçirilməsi dövlət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən Qeyri-Hökumət Təşkilatlarına yardımın göstərilməsi imkanlarını məhdudlaşdırmır.
1.8. Şura Azərbaycan Respublikasının Dövlət gerbi əks olunmuş xidməti blanka malikdir.
Şuranın əsas məqsəd və vəzifələri, hüquq və funksiyaları
2.1. Şuranın əsas məqsədi vətəndaş cəmiyyətinin möhkəmlənməsinə və davamlı inkişafına nail olmaqdan, ictimai əhəmiyyətli problemlərin həllində Qeyri-Hökumət Təşkilatlarının rolunu artırmaqdan ibarətdir.
2.2. Şuranın əsas vəzifələri aşağıdakılardır:
2.2.1. vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
2.2.2. Qeyri-Hökumət Təşkilatlarını dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərin həllinə cəlb etmək;
2.2.3. Qeyri-Hökumət Təşkilatlarının fəaliyyətini, dövlət orqanları ilə Qeyri-Hökumət Təşkilatlarının münasibətlərini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə təkliflər vermək;
2.2.4. dövlət orqanları ilə Qeyri-Hökumət Təşkilatları arasında müasir münasibətlər modelinin formalaşdırılması məqsədilə sabit və effektiv tərəfdaşlıq sisteminin yaradılmasını dəstəkləmək;
2.2.5. Qeyri-Hökumət Təşkilatlarının inkişafı proseslərini müşahidə, təhlil və təşviq etmək;
2.2.6. “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın prioritet istiqamətlərini rəhbər tutaraq Qeyri-Hökumət Təşkilatlarına dövlət yardımı proqramlarını və layihələrini hazırlayıb həyata keçirmək;
2.2.6-1. xarici və beynəlxalq qeyri-hökumət təşkilatlarının sülh və təhlükəsizliyin qorunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə, demokratiya və siyasi plüralizmin inkişafına, korrupsiya, insan alveri və terrorizmlə mübarizəyə yönəlmiş proqram və layihələrini dəstəkləmək;
2.2.7. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
2.3. Şura öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
2.3.1. Qeyri-Hökumət Təşkilatlarının fəaliyyəti ilə bağlı dövlət siyasətinin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq və Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;
2.3.2. Qeyri-Hökumət Təşkilatlarının fəaliyyətinin, habelə dövlət orqanları ilə Qeyri-Hökumət Təşkilatlarının qarşılıqlı münasibətlərinin təkmilləşdirilməsinə dair qanunvericilik aktları layihələrinin ictimai müzakirələrini təşkil etmək;
2.3.3. dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərin həlli ilə bağlı proqram və layihələri hazırlamaq, onların həyata keçirilməsi üçün müvafiq sahələrdə çalışan mütəxəssisləri cəlb etmək, aidiyyəti dövlət orqanlarının və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrindən ibarət ekspert qrupları təşkil etmək;
2.3.4. Qeyri-Hökumət Təşkilatlarının fəaliyyəti ilə bağlı konfranslar, simpoziumlar, forumlar və digər tədbirlər təşkil etmək, belə tədbirlərdə iştirak etmək;
2.3.5. Qeyri-Hökumət Təşkilatlarına məlumatlandırma, konsultativ, metodiki, təşkilati-texniki, maliyyə və digər formalarda yardım göstərmək;
2.3.6. dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərin həllində dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığı, Qeyri-Hökumət Təşkilatlarının fəaliyyəti və inkişafı ilə bağlı geniş müzakirələr təşkil etmək;
2.3.7. dövlət orqanları ilə Qeyri-Hökumət Təşkilatlarının qarşılıqlı fəaliyyəti və inkişafı ilə bağlı məlumat və təklifləri ictimaiyyətə, müvafiq dövlət orqanlarına və digər təşkilatlara təqdim etmək;
2.3.8. səlahiyyətinə aid olan məsələlərlə bağlı zəruri məlumatları və sənədləri əldə etmək üçün dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu vermək və onlardan belə məlumatları və sənədləri almaq;
2.3.9. layihələr üzrə Qeyri-Hökumət Təşkilatları tərəfindən müqavilə öhdəliklərinin pozulması və sui-istifadə hallarını araşdırmaq, müvafiq tədbirlər görülməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət etmək;
2.3.10. layihələr üzrə müqavilə öhdəliklərini pozan Qeyri-Hökumət Təşkilatlarını 2 ilədək müddətə həmin proqramlarda iştirak hüququndan məhrum etmək ;
2.3.11. qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxslər yaratmaq, mətbu nəşrlər təsis etmək, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, internet saytı yaratmaq və ondan istifadə etmək;
2.3.12. qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
2.4. Şura ona həvalə edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:
2.4.1. vətəndaş cəmiyyətinin inkişafı, dövlət orqanları ilə Qeyri-Hökumət Təşkilatları arasında münasibətlərin təkmilləşdirilməsi, Qeyri-Hökumət Təşkilatlarının fəaliyyəti ilə bağlı təkliflər hazırlayır və Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
2.4.2. Qeyri-Hökumət Təşkilatlarının fəaliyyəti ilə bağlı təhlillər aparır və hesabatlar tərtib edir;
2.4.3. Qeyri-Hökumət Təşkilatlarının fəaliyyəti ilə bağlı ictimai rəyin öyrənilməsi üçün tədbirlər görür;
2.4.4. Qeyri-Hökumət Təşkilatlarına məlumatlandırma, konsultativ, metodiki, təşkilati-texniki, maliyyə və digər formalarda göstərilən yardımla bağlı təkliflər hazırlayır;
2.4.5. təqdim olunan maliyyə yardımından istifadə etmək üçün Qeyri-Hökumət Təşkilatlarına bərabər şərait və imkanlar yaradılmasını təmin edir;
2.4.6. dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən proqram və layihələr (bundan sonra –layihələr) hazırlayır, Qeyri-Hökumət Təşkilatlarını onların həyata keçirilməsinə cəlb edir;
2.4.7. layihələrin həyata keçirilməsi üçün dövlət büdcəsindən müvafiq qaydada ayrılmış və qanunvericiliklə müəyyən olunmuş digər mənbələr hesabına daxil olmuş vəsaitlərin xərclənməsi istiqamətlərini müəyyən edir, bununla bağlı digər zəruri tədbirlər görür;
2.4.7-1. öz səlahiyyətləri daxilində dövlət büdcəsi vəsaiti hesabına verilmiş qrantın təyinatı üzrə istifadə edilməsinə nəzarət edir;
2.4.7-2. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısı”nda göstərilmiş qurumlar tərəfindən Azərbaycan Respublikasının hüquqi şəxsləri olan qeyri-hökumət təşkilatlarına verilən qrantlar vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulan mövzuları qiymətləndirir və bu qrantlara dair rəylər verir;
2.4.8. layihələrin Qeyri-Hökumət Təşkilatları tərəfindən həyata keçirilməsi məqsədilə müsabiqələri təşkil edir, onların keçirilməsi qaydalarını və şərtlərini müəyyənləşdirir və bununla bağlı:
2.4.8.2. layihə üzrə vəsaitə olan tələbatı qiymətləndirir;
2.4.8.3. layihələrin təqdim olunma formalarını, müddətlərini və təqdim edilməsi zəruri olan sənədlərin siyahısını müəyyən edir;
2.4.8.6. müsabiqəyə təqdim olunan layihələrlə bağlı müvafiq qərarlar qəbul edir;
2.4.8.8. müsabiqənin baş tutmamış hesab edilməsi hallarını müəyyən edir;
2.4.9. Azərbaycan Respublikasının dövlət büdcəsindən Qeyri-Hökumət Təşkilatlarına nəzərdə tutulmuş subsidiyanın (o cümlədən Katibliyin saxlanılması xərclərinin) bölgüsünün təsdiq edilməsi ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir;
2.4.10. qanunvericiliklə müəyyən olunmuş digər mənbələrdən daxil olan və Katibliyin bank hesabında saxlanılan vəsaitlər hesabına proqram və layihələrin müsabiqə əsasında maliyyələşdirilməsini həyata keçirir;
2.4.10-1. müsabiqədənkənar fondun həcmini, istifadə qaydalarını və şərtlərini müəyyən edir;
2.4.10-2. beynəlxalq tədbirlərdə qeyri-hökumət təşkilatlarının iştirakını təmin etmək üçün vəsait ayırır;
2.4.11. Qeyri-Hökumət Təşkilatları üçün nəzərdə tutulmuş vəsaitlərin (o cümlədən Katibliyin saxlanılması xərclərinin) istifadə olunması barədə Katibliyin rübdə bir dəfə hesabatını dinləyir və vəsaitə olan tələbatın növbəti il üçün dövlət büdcəsində nəzərə alınması barədə təkliflərinə baxır;
2.4.12. icra olunan layihələrin monitorinqinin aparılmasına və qiymətləndirilməsinə dair Katibliyin hesabatlarına baxır;
2.4.13. proqram və layihələrin həyata keçirilməsi üçün ayrılmış vəsaitdən qeyri-hökumət təşkilatlarının istifadə etməsi vəziyyəti barədə Katibliyin rüblük və illik hesabatlarına baxır;
2.4.13-1. Katibliyin fəaliyyətinə ümumi nəzarəti həyata keçirir;
2.4.14. Qeyri-Hökumət Təşkilatlarının fəaliyyətinə və inkişafına mane olan problemlərin həlli ilə bağlı təkliflərini müvafiq dövlət orqanlarına təqdim edir;
2.4.15. dövlət orqanları ilə Qeyri-Hökumət Təşkilatları, habelə Qeyri-Hökumət Təşkilatlarının özləri arasında qarşılıqlı əlaqəni təmin etmək və genişləndirmək üçün müasir informasiya texnologiyalarının tətbiqinə yardım edir;
2.4.16. Qeyri-Hökumət Təşkilatlarının milli informasiya – analitik şəbəkəsini yaradır və inkişaf etdirir;
2.4.17. Qeyri-Hökumət Təşkilatları ilə əməkdaşlığı inkişaf etdirmək məqsədilə qarşılıqlı fəaliyyət mexanizmlərinin formalaşdırılmasına dair dövlət orqanları üçün tövsiyələr hazırlayır;
2.4.18. Qeyri-Hökumət Təşkilatları tərəfindən etik davranış qaydalarının qəbul edilməsini təşviq edir;
2.4.19. Qeyri-Hökumət Təşkilatlarında fəaliyyət göstərənlərin peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı təkliflər hazırlayır, onların həyata keçirilməsi üçün tədbirlər görür;
2.4.20. Qeyri-Hökumət Təşkilatlarının beynəlxalq əlaqələrinin genişləndirilməsini təşviq edir;
2.4.21. qanunvericiliyə uyğun olaraq digər funksiyaları həyata keçirir.
Şuranın formalaşdırılması
3.1. Şura 11 üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. Şuranın üzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir. Şuranın 8 üzvü Qeyri-Hökumət Təşkilatlarının təklif etdiyi nümayəndələrdən, digər 3 üzvü isə dövlət orqanlarının nümayəndələrindən təyin edilir.
3.2. Şura üzvlərinin səlahiyyət müddəti 4 ildir.
3.3. Şuraya üzv təyin edilən şəxslər ali təhsilli, ictimaiyyət arasında nüfuza və yüksək mənəvi dəyərlərə malik olan şəxslər olmalıdırlar.
3.4. İkili vətəndaşlığı olan, Azərbaycan Respublikasının vətəndaşı olmayan, başqa dövlətlər qarşısında öhdəliyi olan, cinayət törətdiyinə görə məhkum edilmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər və din xadimləri Şuranın üzvü ola bilməzlər.
3.5. Şuraya Qeyri-Hökumət Təşkilatları tərəfindən namizədlərin irəli sürülməsi haqqında rəsmi dövlət nəşrində elan verilir.
3.6. Aşağıdakı sahələrdə ixtisaslaşan Qeyri-Hökumət Təşkilatlarının qruplarının hər biri Şura üzvlüyünə 3 namizəd irəli sürür:
3.6.1. insan hüquqları və demokratiya;
3.6.2. ailə, qadın və uşaq məsələləri ;
3.6.3. qaçqın, köçkün, əlil və veteranların məsələləri;
3.6.4. iqtisadi və sosial məsələlər;
3.6.5. təhsil, elm, mədəniyyət;
3.6.6. gənclər və vətənpərvərlik tərbiyəsi;
3.6.7. səhiyyə, sağlamlıq və ekologiya;
3.6.8. narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə.
3.7. Şura üzvünün səlahiyyətlərinə Şuranın qərarı ilə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
3.7.1. öz arzusu ilə Şura üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;
3.7.2. Şura üzvünün bu Əsasnamədə nəzərdə tutulmuş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə;
3.7.3. səhhətinə görə vəzifələrini altı aydan artıq yerinə yetirə bilmədikdə;
3.7.4. ardıcıl olaraq üç dəfə və ya il ərzində altı dəfə üzrsüz səbəbdən Şuranın iclaslarında iştirak etmədikdə;
3.7.5. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə;
3.7.6. barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verildikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmə qərarı olduqda;
3.7.7. Şura üzvünün adına ləkə gətirən hərəkətlərə yol verdikdə.
3.8. Səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş Şura üzvünün yerinə yeni üzv onun səlahiyyət müddətinin qalmış hissəsinə bu Əsasnamədə nəzərdə tutulmuş qaydada təyin edilir.
3.9. Səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün Şura üzvlərinə rübdə bir dəfə Katibliyin icraçı direktorunun aylıq əmək haqqının 2 misli həcmində pul təminatı verilir. Pul təminatı dövlət büdcəsindən Şuraya ayrılmış vəsait hesabına ödənilir.
Şuranın fəaliyyətinin təşkili
4.1. Şuranın üzvləri öz aralarından sadə səs çoxluğu ilə Şuranın sədrini, sədrin müavinini və Şuranın katibini seçirlər.
4.2. Şuranın sədri:
4.2.1. Şuranın işini təşkil edir və ona rəhbərliyi həyata keçirir;
4.2.2. Şuranı təmsil edir;
4.2.3. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir və keçirilən iclaslarda sədrlik edir;
4.2.4. Şuranın səlahiyyətlərinə aid məsələləri baxılmaq üçün Şuranın iclaslarına çıxarır;
4.2.7. hüquqi şəxslərin yaradılması və ləğvi barədə şuraya təklifləri təqdim edir;
4.2.9. öz səlahiyyətləri daxilində Katibliyin işinin təşkili ilə bağlı əmr və sərəncamlar verir;
4.2.10. katibliyin icraçı direktorunun və baş mühasibinin vəzifəyə təyin və vəzifədən azad olunması barədə şuraya təklifləri təqdim edir;
4.2.11. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir.
4.3. Şura sədrinin müavini Şura sədri tərəfindən ona həvalə edilmiş vəzifələri yerinə yetirir. Şura sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini sədr müavini həyata keçirir.
4.4. Şura üzvləri aşağıdakı hüquqlara malikdir:
4.4.1. Şuranın iclasının aparılmasına dair fikirlərini bildirmək;
4.4.2. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək;
4.4.3. Şuranın iclasına təqdim edilmiş bütün materiallarla əvvəlcədən tanış olmaq;
4.4.4. Şurada qəbul ediləcək qərarlara dair fikir söyləmək;
4.4.5. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclasında baxılması üçün təkliflər vermək;
4.4.6. Şuranın qərarları, protokolları və digər sənədləri ilə tanış olmaq.
4.5. Şura üzvləri:
4.5.1. Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı;
4.5.2. Şuranın iclaslarında iştirak etməli və üzrsüz səbəbdən iclasları buraxmamalı;
4.5.3. Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli;
4.5.4. Şurada baxılan məsələlər haqqında qərar qəbul edilənədək məsələnin mahiyyətinə dair ictimaiyyət qarşısında fikir söyləməməlidirlər.
4.6. Şuranın hər bir üzvü Şuranın iclasında baxılan məsələlər üzrə şəxsi maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas verə bilən hallar olduqda, Şuranı məlumatlandırmalı və qərarların qəbul edilməsində iştirak etməməlidir.
Belə əsaslar olduqda, Şuranın üzvünə yazılı və ya şifahi formada əsaslandırılmış etiraz edilə bilər.
4.7. Şuranın iclasları iki ayda bir dəfədən az olmayaraq mütəmadi keçirilir. İclaslar Şura üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Şuranın gündəliyi və qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Şuranın iclaslarında qəbul edilmiş qərarları iclasa sədrlik edən və katib imzalayırlar. Katib iclasda iştirak etmədikdə, Şuranın qərarı ilə onun funksiyasını Şura üzvlərindən biri həyata keçirir.
4.8. Katiblik:
4.8.1. Şuranın iclaslarının hazırlanmasına dair təşkilati işləri həyata keçirir, iclasların gündəliyinin, müzakirəyə çıxarılacaq məsələlər üzrə zəruri sənədlərin, proqramların layihələrini hazırlayır və Şura üzvlərinə təqdim edir, bu məsələlərə dair Şura üzvlərindən daxil olan rəyləri toplayır, təhlil edir və ümumiləşdirir;
4.8.1-1. Şuranın maliyyə yardımı müsabiqələri haqqında elanlar verir;
4.8.1-2. qeyri-hökumət təşkilatlarının Şuraya təqdim etdikləri layihələrin ekspertizasını aparır və bu məqsədlə ekspert qruplarının fəaliyyətini təmin edir;
4.8.1-3. Şuranın iclaslarında baxılacaq sənədlərin hazırlanması məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən və qeyri-hökumət təşkilatlarının mütəxəssislərindən ibarət ekspert qruplarının yaradılması və onların tərkibi barədə Şuraya təkliflər təqdim edir;
4.8.1-4. layihələrini Şuranın məqbul hesab etdiyi qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə şifahi müsahibə keçirir və nəticələri barədə Şuraya məlumat verir;
4.8.1-5. qeyri-hökumət təşkilatlarının iştirak etdikləri müsabiqələrin nəticələri barədə məlumatları dərc edir;
4.8.1-6. müsabiqənin qalibi ilə vəsaitdən istifadə şərtləri haqqında müqavilə bağlayır;
4.8.1-7. Şuranın qərarı əsasında maliyyələşdirilən layihələrin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirir, icra olunan layihələrin monitorinqinin aparılmasını və qiymətləndirilməsini təmin edir və bu barədə Şuraya hesabat verir;
4.8.1-8. qeyri-hökumət təşkilatlarının icra etdikləri layihələrin nəticələrinə dair yekun aktını təsdiq edir və bu barədə Şuraya məlumat verir;
4.8.2. Qeyri-Hökumət Təşkilatları tərəfindən proqram və layihələrin həyata keçirilməsi üçün ayrılmış vəsaitlərdən istifadə olunması vəziyyəti barədə Şuraya rüblük və illik hesabatlar verir;
4.8.3. zəruri hallarda aidiyyəti dövlət orqanlarının və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrini Şuranın iclaslarına dəvət edir;
4.8.5. Şuranın kargüzarlıq işlərini, onun iclaslarının protokollarını aparır və iclasın yekun sənədlərinin layihələrini Şura sədrinə təqdim edir;
4.8.6. öz səlahiyyətləri daxilində Şuranın qəbul etdiyi qərarların icrası ilə əlaqədar müvafiq tədbirlər görür;
4.8.7. Şuranın iclaslarında qəbul olunmuş qərarlar haqqında ictimaiyyəti məlumatlandırır;
4.8.7-1. Şuranın formalaşdırılması üçün qeyri-hökumət təşkilatlarının qrupları tərəfindən namizədlərin irəli sürülməsini təşkil edir;
4.8.7-2. Şuranın tədbirlərini təşkil edir, o cümlədən Şuranın qəbul etdiyi qərarların icrası üçün qanunvericiliyin tələblərinə uyğun olaraq kommersiya və qeyri-kommersiya qurumları ilə müqavilələr bağlayır;
4.8.7-3. qeyri-hökumət təşkilatları haqqında elektron resurslar yaradır;
4.8.8. Şuranın fəaliyyəti ilə əlaqədar digər funksiyaları həyata keçirir.
4.9. Katibliyin fəaliyyətinə rəhbərliyi icraçı direktor həyata keçirir. Katibliyin icraçı direktoru:
4.9.1. Katibliyin fəaliyyətini təşkil edir və Katiblik adından əmr və göstərişlər verir, müqavilələr imzalayır;
4.9.1-1. Katibliyin illik iş planını təsdiq edir;
4.9.2. öz səlahiyyətləri daxilində şuranın qəbul etdiyi qərarların və şura sədrinin əmr və sərəncamlarının icrasını təşkil edir;
4.9.2-1. Şuranın fəaliyyətinin təmin edilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsaitə sərəncam verir;
4.9.3. Katibliyin işçilərini şura sədrinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri tətbiq edir.
4.10. Katibliyin saxlanılması xərcləri dövlət büdcəsindən maliyyələşdirilir.
4.11. Katibliyin hər il üçün saxlanılması xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsində Qeyri-Hökumət Təşkilatlarına nəzərdə tutulmuş subsidiya hesabına Şuranın və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin razılaşdırılmış təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
4.12. Katiblik müstəqil balansa, qanunvericiliyə uyğun istifadəsində olan dövlət əmlakına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı olan möhürə, müvafiq ştamplara, emblemə, blanklara, xəzinə və bank hesablarına malikdir.