Prezident İlham Əliyev noyabrın 19-u Minskdə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə birgə brifinq keçirib.
Aleksandr Lukaşenko jurnalistlərə deyib ki, Azərbaycan lideri ilə beynəlxalq gündəliyin istisnasız olaraq bütün məsələlərini açıq və məhsuldar müzakirə edir: “Bugünkü danışıqların gedişində əsas diqqət uğurlu ticari-iqtisadi və investisiya əməkdaşlığına yönəldilib. Əldə olunan razılaşmalar bu əməkdaşlığın artırılmasına əlavə impuls verməyə kömək edəcək.
Cari ildə qarşılıqlı ticarətin artımını müşahidə edirik. Bir vaxtlar təşəbbüskarları prezidentlər olan layihələr gücünü artırır. Məsələn, Gəncə avtomobil zavodunda 11 il ərzində 10 mindən çox “Belarus” traktoru və onların bazasında xüsusi texnika yığılıb. Müəssisə həmçinin 3500-dən çox MAZ avtomobili və qoşqular buraxıb. Bu gün məmnuniyyətlə öyrəndim ki, Azərbaycana Belarusun ilk “Qomselmaş”ı da gəlib. Bizim üçün bu, qarşılıqlı səmərəli əməkdaşlığın əla nümunəsidir.
Minsk traktor zavodu və Gəncə avtomobil zavodu hazırda Türkiyədə traktorların yığılması ilə bağlı bizim ümumi layihə üzərində işləyir. Biz bu mühüm perspektivli istiqaməti inkişaf etdirəcəyik və bu, Azərbaycan prezidentinin mövqeyi sayəsində mümkün olub.
Belarus Azərbaycan investisiyalarına və yüksək səviyyəli məhsullarına maraq göstərir. Bu gün sizin məhsullar ötən il Minskdə açılan Azərbaycan Ticarət Evində geniş təqdim edilir. Onların Belarus alıcılarında populyarlıq qazanmasına görə Azərbaycan prezidenti bu şəbəkənin vilayət mərkəzlərinə genişləndirilməsi haqqında qərar qəbul edib.
Nəqliyyat-logistika sahəsində də birlikdə çox iş görmək olar. Biz Azərbaycanın infrastruktur layihələrində – yeni dəmir yollarının, dəniz limanlarının, logistika mərkəzlərinin tikintisində iştirak etməyə hazırıq. Səhiyyədə, təhsildə, informasiya-kommunikasiya texnologiyalarında, idmanda, turizmdə əməkdaşlıq ehtiyatları mövcuddur. Bu gün əldə olunan razılaşmaların gerçəkləşdirilməsi lap tezliklə niyyətlərimizi konkret işlərə çevirməyə imkan verəcək. Məsələn, artıq Azərbaycanda Belarus dərmanlarının buraxılışı üzrə birgə müəssisənin yaradılması sahəsində işlər aparılır. Tam əminəm ki, digər irimiqyaslı maraqlı layihələrin gerçəkləşməsi də çox uzaqda deyil”.
İlham Əliyev iki ölkənin beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstərdiyini, bütün məsələlərdə bir-birini dəstəklədiyini vurğulayıb: “Mən deyərdim ki, bu dəstək avtomatik xarakter daşıyır – hətta müzakirəsiz, məsləhətsiz, razılaşmasız. Əgər hər hansı beynəlxalq təşkilatda Belarusla, yaxud hər hansı rəhbər orqanlara namizədliyi irəli sürülən bu ölkədən namizədlə əlaqədar məsələ qaldırılırsa, Azərbaycan qeyd-şərtsiz dəstək göstərir. Eyni münasibəti biz Belarusdan da görürük. Bu, münasibətlərimizin yüksək səviyyəsinin göstəricisidir. Biz həmçinin ya Azərbaycanın, ya da Belarusun iştirak etmədiyi təşkilatlarda da bir-birimizi dəstəkləyirik və bu da təbiidir. Bu, beynəlxalq siyasət, beynəlxalq münasibətlər, regional problemlər və beynəlxalq təhlükəsizliklə əlaqədar məsələləri müzakirə etdiyimiz kimi təbiidir. Bütün bunlar dostlar arasında təbiidir.
Bu gün bizim münasibətlərimizin səviyyəsi məhz elədir ki, istənilən məsələləri açıq müzakirə etməyə imkan verir. Bizdə heç bir qapalı mövzu və əməkdaşlığımızın heç bir sahəsində qətiyyən məhdudiyyət yoxdur. Biz bu gün gələcəkdə münasibətlərimizin xarakterini müəyyənləşdirəcək xeyli sənəd imzaladıq. Mən onların arasında ilk növbədə prezidentlərin birgə bəyanatını qeyd edərdim. Bu, əməkdaşlığımızın əsas istiqamətlərini ehtiva edən, ölkələrimizin siyasi iradəsini ifadə edən mühüm siyasi sənəddir.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar məsələlər üzrə Belarusun mövqeyinə görə həm öz adımdan, həm də Azərbaycan xalqı adından xüsusi minnətdarlığımı bildirmək istərdim. Birgə bəyanatda vurğular dəqiq qoyulub və deyilir ki, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir. Biz Belarusa həm bizim, həm də bütün region üçün son dərəcə mühüm olan məsələdə belə obyektiv mövqeyinə görə minnətdarıq”.