Prezident İlham Əliyev noyabrın 16-da Sumqayıt şəhərinə səfər edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı əvvəlcə Sumqayıt Kimya Sənaye Parkında inşaat kimyəviləri zavodunun açılışına qatılıb.
2016-cı ilin martında rezident kimi qeydiyyata alınan zavod İsveçrə və Türkiyə texnologiyaları əsasında yaradılıb. İlkin mərhələdə müəssisənin illik istehsal həcmi 40 min ton tikinti qatqılarıdır. Zavodun məhsullarının Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və İrana ixracı nəzərdə tutulur. İnvestisiya dəyəri 3,5 milyon dollar olan layihə çərçivəsində 60 nəfər daimi işlə təmin ediləcək.
Sonra prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Baku Non Ferrous and Foundry Company” MMC-nin əlvan metallar və ferroərintilər zavodunun açılışında iştirak edib. Zavodda ildə 25 min ton ferrosilisium və 36 min ton ferrosilikomanqan istehsal olunacaq. Bu zavodda Azərbaycan tarixində ilk dəfə olaraq ferrosilisum, ferrosilikomanqan və gələcəkdə ferroxrom da istehsal ediləcək. İnvestisiya dəyəri 25 milyon dollar olan zavodda 125 nəfər işlə təmin olunacaq.
Sumqayıt Kimya Sənaye Parkında “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin tütün məmulatları istehsalı fabriki də açılıb. Zavodda 3 formatda – ağır, yüngül və daha yüngül olmaqla beynəlxalq standartlara uyğun siqaret istehsal olunacaq. Ümumilikdə fabrikdə 13 brendin 80 çeşiddə məhsulunun istehsalı nəzərdə tutulur.
Sonra İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkındakı müəssisələrin kollektivlərinin nümayəndələri ilə görüşüb.
Daha sonra İlham Əliyev şəhərin dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib. Üçmərtəbəli Sumqayıt dəmir yolu vağzalının sahəsi 5,5 min kvadratmetrdir. Binada gözləmə zalı, bilet kassaları, məlumat bürosu, server otağı, əşyaların saxlanması kamerası yaradılıb. Stansiyada 7 yol yenidən qurulub. Kompleksdə 12 yol dəyişən quraşdırılıb, uzunluğu 43 metr olan yeraltı piyada keçidi və platformaya yeraltı çıxış keçidi inşa edilib.
İlham Əliyev Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə paytaxta gəlib.