Prezident İlham Əliyev noyabrın 14-də Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviçlə görüşündə Ermənistanı ittiham edib. Novator.az-ın məlumatına görə, dövlət başçısı deyib ki, hərbi-texniki sahədə əməkdaşlıq Azərbaycan-Belarus münasibətlərinin mühüm amilidir: “Biz Belarusdan hərbi texnika alırıq və onun keyfiyyətindən, göstəricilərindən çox razıyıq. Belarus hərbi sənaye sahəsində də çox yüksək səviyyə nümayiş etdirir və biz hərbi-texniki sahədə əməkdaşlığı davam etdirmək niyyətindəyik. Doğrudur, bu, Ermənistanda psixoz tutmalara səbəb olur. Bu da son dərəcə təəccüblüdür. Çünki Azərbaycan təkcə Belarusdan silah almır. Azərbaycana hərbi texnikanın ən iri tədarükçüsü Rusiyadır. Həmçinin biz Türkiyədən, İsraildən, Pakistandan, Avropa ölkələrindən böyük həcmdə silah-sursat və texnika alırıq. Buna görə də təəccüblüdür ki, iradlar müstəsna olaraq Belarusa göstərilir.
Mən hesab edirəm ki, bu, Ermənistanda Belarusa qarşı acizlik kompleksinin təzahürüdür. Səbəblər də kifayət qədər sadədir. Həm Belarus, həm də Ermənistan eyni vaxtda müstəqillik əldə ediblər. Bu gün Ermənistan dünyanın ən yoxsul ölkələrindən biridir və həyatın girdabındadır. İyirmi il ərzində öz xalqını istismar və qarət edən hakimiyyətin erməni xalqı tərəfindən devrilməsi bunun parlaq təzahürüdür.
Belarus isə bir vaxtlar qoyulan sanksiyalara baxmayaraq, uğurla inkişaf edib və edir. Bu da Belarus prezidenti Aleksandr Lukaşenkonun müdrik siyasətinin nəticəsidir. Belarus güclü, inkişaf edən sənaye və kənd təsərrüfatı, yüksək səviyyəli sosial müdafiəsi olan dövlətə çevrilib. Mən Sizin ölkədə dəfələrlə olmuş insan kimi bunu tamamilə obyektiv və səmimi deyirəm. Buna görə də bizə elə gəlir ki, Ermənistanın Sizin ölkənizə qarşı əsassız iradları öz məğzinə görə məhz bu amilə əsaslanır.
Həmçinin biz, təbii ki, regionumuzda baş verən vəziyyəti müşahidə edirik, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu yaxınlarda Qazaxıstanda keçirilmiş sammitini çox diqqətlə izlədik. Biz buna laqeyd deyilik. Fikrimcə, bunu başa düşmək olar. Çünki Ermənistan Azərbaycan ərazilərini işğal edən ölkədir və biz hərbi-siyasi təşkilat olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hansı ölkənin nümayəndəsinin rəhbərlik etməsinə biganə deyilik. Bu məsələlərin tərəfdaşlar və dostlar arasında müzakirəsi təbiidir. Biz beynəlxalq siyasətin digər məsələlərini də müzakirə edirik. Bu da Ermənistanda hər hansı təşviş doğurmamalıdır.
Ermənistanın Xarici İşlər Nazirliyinin bu yaxınlardakı bəyanatını beynəlxalq təcrübədə tamamilə yolverilməz hesab edirik. Xarici İşlər Nazirliyi digər ölkənin, xüsusilə də müttəfiq sayılan ölkənin prezidentinin hərəkət və sözlərini şərh edə və yanlış adlandıra bilməz. Yanlışlıq belə əməlləri özünə rəva bilən Ermənistanın Xarici İşlər Nazirliyinin davranışıdır. Görünür, bu onların dünyanı və dünya xəritəsində öz yerlərini qeyri-adekvat dərk etmələrinin nəticəsidir.
Ermənistan tərəfi bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının problemləri mövcuddur. Yəqin ki, burada onlar haqlıdırlar. Bu problem ilk növbədə elə Ermənistanın özüdür və Ermənistanın törətdiyi problemlərdir. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına baş katibin Ermənistan nümayəndəsinin təyinatını narahatlıqla qəbul etdik. Əvvəla, ona görə ki, bu dövlət Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür. İkincisi də əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmuş namizədin özünün şəxsiyyətinə görə. Bizdə personajın özünün hansı keyfiyyətlərə malik olması şübhə doğurmur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibinin Ermənistan ordusu üçün ağır məğlubiyyətlə nəticələnən Azərbaycan və Ermənistan ordularının döyüş qarşıdurmaları zamanı rüsvayçı davranışını xatırlamaq kifayətdir. Yəni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi mühüm beynəlxalq quruma bu şəxsin təyinatı müəyyən dərəcədə təşkilata hörmətsizlik idi.
Bu adamın cinayətə görə təqib edilərək sürgün edilməsi isə beynəlxalq təcrübədə nadir hadisədir – beynəlxalq məmur bu minvalla məsuliyyətə cəlb olunur və üzv ölkələrə heç bir xəbər verilmir. Buna görə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hər hansı bir problemi varsa, o da Ermənistandır və onun yaratdığı problemlərdir”.
Noyabrın 8-i Qazaxıstanın paytaxtı Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti keçirilib. Üzv ölkələrin liderlərinin daxil olduğu ali orqanın – Kollektiv Təhlükəsizlik Şurasının iclasına Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Tacikistan prezidenti İmaməli Rəhman, Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan qatılıblar.
İclasda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yeni baş katibinin seçilməsini dekabrın 6-sı Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək sammitə saxlamaq qərara alınıb.
Qurumun ali vəzifəli şəxsi olan baş katib postunu 2017-ci il mayın 2-dən erməni general-polkovnik Yuri Xaçaturov tutub. Bu il oktyabrın 30-da o, Ermənistanın təşəbbüsü ilə vəzifədən uzaqlaşdırılıb.
Baş katib səlahiyyətləri müvəqqəti olaraq müavin Valeri Semerikova verilib.
Bu il Ermənistanda Yuri Xaçaturova dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə ittihamı irəli sürülüb. İyul ayında həbsinə vəsatət verilmiş Yuri Xaçaturovu məhkəmə pul girovu müqabilində azadlığa buraxıb.
Yuri Xaçaturov 1952-ci ildə Gürcüstanda anadan olub. Uzun illər sovet ordusunda qulluq edib. 1992-ci ildən Ermənistan ordusunda xidmətə başlayan Yuri Xaçaturov Azərbaycan torpaqlarının işğalının iştirakçısıdır. 2008-ci ildən Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub, 2016-cı ildən Ermənistan Milli Təhlükəsizlik Şurasına katiblik edib.
Ermənistan KTMT-nin baş katibi postuna sabiq müdafiə naziri Vaqarşak Arutyunyanı namizəd göstərib. Belarus və Qazaxıstan baş katib postuna Ermənistan təmsilçisinin təyin olunmasına qarşı çıxırlar.
Noyabrın 12-si Minskdə Azərbaycan səfiri Lətif Qəndilovla görüşən ın Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın Avrasiya İqtisadi İttifaqına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrlik etməsini hakimiyyət dəyişikliyi üzündən keçid dövrü yaşayan ölkə üçün böyük yük adlandırıb. Ermənistanın Xarici İşlər Nazirliyi bu açıqlamadan narazılıq bəyanatı yayıb.