Ermənistanda növbədənkənar parlament seçkisinə 9 partiya, 2 blok qoşulur. Novator.az-ın məlumatına görə, noyabrın 14-ü axşam Mərkəzi Seçki Komissiyasına müraciət müddəti başa çatıb. Seçkidə iştirak sənədi verən qurumlar bunlardır:
Ermənistan Respublika Partiyası
Çiçəklənən Ermənistan Partiyası
Daşnaksütun Partiyası
Qanunçuluq Ölkəsi Partiyası
İşıqlı Ermənistan Partiyası
Milli Tərəqqi Partiyası
Xristian Demokrat Dirçəlişi Partiyası
Vətəndaş Qərarı Sosial Demokrat Partiyası
Sasun Dəliləri Partiyası
“Mənim addımım” bloku
“Bizlər” bloku.
Ermənistan parlamenti proporsional üsulla seçilir.
Noyabrın 1-də parlament buraxılıb. Növbədənkənar seçki dekabrın 9-da keçiriləcək.
Hökumət başçısı Nikol Paşinyan parlament seçkisində “Mənim addımım” blokunun namizədlər siyahısına başçılıq edir.
İndiki parlament 2017-ci il aprelin 2-də seçilib. 2008-ci ildən prezident olan Serj Sərkisyanın sədrlik etdiyi Respublika Partiyası 105 nəfərlik parlamentə 58 mandat qazanaraq hökumət qurmaq hüququ əldə edib. Serj Sərkisyan bu il aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq xalq etirazlarına görə aprelin 23-də istefa verib.
Xalq etirazlarına Vətəndaş Sazişi Partiyasının sədri Nikol Paşinyan başçılıq edib. O, martın 31-dən aprelin 13-dək Gümrü, Spitak, Dilican, Sevan, Razdan şəhərləri boyunca Serj Sərkisyanın əleyhinə “Mənim addımım” adlı yürüş keçirib. Aprelin 13-dən paytaxt Yerevanda onun başçılığı ilə keçirilən davamlı aksiyalar Serj Sərkisyanın hakimiyyətdən getməsinə gətirib. Mayın 8-də Nikol Paşinyan baş nazir postuna keçib.
Nikol Paşinyan və onun hökuməti oktyabrın 16-dan istefadadır. Prezident Armen Sərkisyan hökuməti müvəqqəti olaraq əvvəlki heyətə tapşırıb.
İstefa növbədənkənar parlament seçkisi planının tərkib hissəsi olub. Baş nazir istefa verdikdən sonra iki həftə ərzində hökumətin yeni başçısı seçilmədiyi üçün parlament konstitusiyanın hökmü ilə buraxılıb.
Hazırda Vətəndaş Sazişi Partiyasının və müttəfiqlərinin “Çıxış” bloku parlamentdə 9 mandata sahibdir.