Noyabrın 15-də Milli Məclis 2019-cu ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin ilkin müzakirəsini başa çatdırıb. Parlamentdə noyabrın 13-dən aparılan müzakirələr zamanı qaldırılmış məsələlərə münasibət bildirilməsi üçün hökumətə noyabrın 23-dək vaxt verilib.
Büdcə zərfinə 2019-cu ilin dövlət büdcəsi haqqında, Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında, işsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında, 2019-cu il üçün yaşayış minimumu haqqında, 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında, Milli Məclisin və Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası haqqında layihələr daxildir.
Novator.az bildirir ki, dövlət büdcəsi layihəsində gəlirlər 22 milyard 917,5 milyon manat, xərclər 24 milyard 780,1 milyon manat nəzərdə tutulub.
Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 3 milyard 928 milyon 104 min manat, işsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin gəlirləri və xərcləri 83 milyon 451 min 400 manat nəzərdə tutulur.
Layihəyə görə, 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilir.
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində götürülür.
Milli Məclisin və onun Aparatının saxlanması üçün 27 milyon 69 min 600 manat vəsait nəzərdə tutulub.
Hesablama Palatasının saxlanması üçün 4 milyon 368 min 941 manat vəsait proqnozlaşdırılır.