Müxalifətin bir hissəsini birləşdirən Demokratik Qüvvələrin Milli Şurası noyabrın 13-də bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, 2018-ci il aprelin 19-da imzalanmış prezident fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilməlidir, ancaq 2500 şəhid ailəsi müxtəlif yollarla aldadılaraq həmin vəsaiti əldə edə bilməyib: “Bu böyük haqsızlığa etiraz edərək dəfələrlə Milli Məclis və Prezident Administrasiyası qarşısına toplaşan şəhid anaları və şəhid övladlarına qarşı fiziki zor tətbiqi də daxil olmaqla ləyaqətsiz və alçaldıcı münasibət sərgilənib. Vətən uğrunda doğmalarını itirmiş, bunun qarşılığında heç bir dövlət qayğısı görməmiş, öz qanuni haqlarını tələb edən şəhid ailələrinə qarşı bu davranış Azərbaycan hakimiyyətinin antimilli mahiyyətini bütün çılpaqlığı ilə ortaya qoyur”.
Demokratik Qüvvələrin Milli Şurası şəhid ailələrinə ödənilməli olan müavinət probleminin ən qısa zamanda həll edilməsini, onlara qarşı olan insan ləyaqətini alçaldan münasibətə son qoyulmasını istəyir: “Bu müavinətlər bir neçə dəfə artırılmalı, onların miqdarı işğalçı Ermənistanda olduğu səviyyədən (20 min dollardan çox) aşağı olmamalı və birinci qrup əlili olan Qarabağ müharibəsi qazilərinə də eyni həcmdə şamil edilməlidir”.
Müxalif qurum şəhid ailələri və Qarabağ qazilərinə dövlət büdcəsindən hər ay ödənilən müavinətlərin məbləğinin artırılaraq onların sosial ehtiyaclarını qarşılayacaq səviyyədə müəyyən edilməsi tələbi də qoyur.
Demokratik Qüvvələrin Milli Şurasına tarixçi professor Cəmil Həsənli sədrlik edir. Qurumun liderlərindən biri AXCP sədri Əli Kərimlidir.
Oktyabrın 9-dan şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təmin olunması üçün sənəd qəbulu başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında “Birdəfəlik ödəmə” bölməsi işə salınıb. Bölmədə vətəndaşlar şəhid hərbi qulluqçunun adını, soyadını və atasının adını qeyd edib sorğu verir, şəhid hərbi qulluqçunun vərəsəsinin (vərəsələrinin) birdəfəlik ödəməni almaq hüququnun olub-olmadığı barədə məlumat əldə edir.
“Birdəfəlik ödəmə” bölməsində axtarışın nəticəsi olaraq “Hərbi qulluqçunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən müəyyən edilən vərəsəsinin (vərəsələrinin) birdəfəlik ödəməni almaq hüququ vardır” cümləsi çıxdıqda həmin vərəsə vəfat etmiş hərbi qulluqçunun sonuncu yaşayış yeri, bu məlum olmadıqda mirasının olduğu yer üzrə notariat kontoruna müraciət edir. Notariat kontoruna bu sənədlər təqdim olunur: hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə; hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edildiyi təqdirdə bu barədə məhkəmə qərarı; birdəfəlik ödəmənin verilməsi haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adına ünvanlanan ərizə (ərizə forması notariat orqanından əldə edilir); bank hesabı nömrəsinə dair arayış (vərəsənin bank hesabı olmadıqda o, istənilən bankda öz adına hesab açır və bank hesabı nömrəsinə dair arayış alır).
Vərəsəliyin müəyyən edilməsi üçün notariat orqanı əlavə sənədlər də (doğum, nikah, ölüm haqqında şəhadətnamələr və s) istəyə bilər. Hərbi qulluqçunun vərəsəsinin birdəfəlik ödəməni almağa hüququnun yarandığı təqdirdə notarius vərəsəlik şəhadətnaməsi verir. Vərəsəlik şəhadətnaməsi və vərəsənin təqdim etdiyi sənədlərdəki məlumatları notarius elektron qaydada 3 iş günü müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Elektron İnformasiya Sisteminə ötürür. Məlumat sistemə daxil olduqdan sonra müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq onların daxiloma tarixini və reyestr nömrəsini əks etdirən bildiriş vərəsələrin ərizədə qeyd etdiyi əlaqə nömrələrindən birinə göndərilir.
Birdəfəlik ödəmənin verilməsi üçün tələb olunan maliyyə vəsaitinin ayrılması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Maliyyə Nazirliyinə müraciət edir. Tələb olunan maliyyə vəsaiti ayrıldıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq birdəfəlik ödəməni vərəsənin bank hesabına köçürür. Bu barədə vərəsənin ərizədə göstərilən əlaqə nömrələrindən birinə bildiriş göndərilir.
Hərbi qulluqçunun vərəsələri daimi əsaslarla ölkə hüdudlarından kənarda yaşayırlarsa, onlar tələb olunan sənədlərlə birlikdə Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəlik və konsulluğuna müraciət edirlər.
1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun qüvvəyə minib və həmin dövrdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsi həyata keçirilib.