Adış Sakit oğlu Məmmədov Azərbaycanın İsveçdə, eyni zamanda Norveçdə və Finlandiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Sərəncam noyabrın 12-də imzalanıb.
Novator.az bildirir ki, Azərbaycanın İsveç Krallığında (Stokholm şəhərində) səfirliyi 2005-ci il martın 11-də təsis edilib. Sonradan İsveçdəki səfirə Azərbaycanı Norveç Krallığında və Finlandiya Respublikasında da təmsil etmək səlahiyyəti verilib.
Adış Məmmədov İsveçdə səfir postunu 2013-cü il avqustun 13-dən tuturdu.
Norveçin Xarici İşlər Nazirliyi noyabrın 9-da məlumat yayaraq Azərbaycandakı səfirliyinin 2019-cu ildən bağlanacağını bəyan edib. Norveçin Cənubi Qafqaz üzrə diplomatik mərkəzinin Gürcüstana köçürüləcəyi, Azərbaycanda isə ölkəni Türkiyədəki səfirliyin təmsil edəcəyi bildirilir.
Noyabrın 10-da Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva mediaya deyib ki, Norveçin Azərbaycanda səfirliyini bağlaması qərarı təəssüf doğurur: “Hazırda bizdə olan məlumata görə, Norveç Azərbaycanda öz təmsilçiliyini konsulluq fəaliyyəti vasitəsilə saxlamaq niyyətindədir. Lakin bu təmsilçiliyin fəxri və ya diplomatik konsulluq statusunda həyata keçiriləcəyi tam aydın deyil”.
Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev isə noyabrın 12-də “Trend”ə müsahibəsində Norveçin Azərbaycanda səfirliyinin fəaliyyətinin dayandırılması barədə bunları deyib: “Bu məsələyə xüsusi bir əhəmiyyət verməyə lüzum görmürük. Hər bir ölkə öz xarici siyasətini müəyyən edərkən səfirlik və ya digər statuslu diplomatik nümayəndəliyin açılması və ya bağlanması barədə qərar qəbul edir. Norveçin Bakıda akkreditə olunmuş səfirliyinin fəaliyyətini dayandırması Norveç hökumətinin öz işidir. Bu, sıradan olan adi bir haldır və bizdə hər hansı təəssüf doğurmur”.
Hikmət Hacıyev müsahibəsində 2002-2006-cı illərdə Norveçin Azərbaycanda səfiri olmuş Steynar Gilin diplomatik protokol qaydalarına uyğun gəlməyən fəaliyyətlə iki ölkənin əlaqələrinə böyük zərbə vurduğunu xatırladıb: “Həmin şəxs səfir statusunu daşıdığı halda Azərbaycanın daxili işlərinə müdaxilə etməyə cəhdlər göstərib və ikitərəfli əlaqələrlə məşğul olmaq əvəzinə müxalifətin mitinqlərində iştirak edərək digər bu qəbildən olan qeyri-legitim fəaliyyətləri həyata keçirib. Nəticə etibarilə bu ona gətirib çıxardı ki, Azərbaycan hökuməti onun ölkəmizdən çıxarılması haqqında məsələləri müzakirə etməyə başlamışdı. Yekunda Norveç hökuməti onu vaxtından əvvəl geri çağırdı”.