Gürcüstan prezidentliyinə namizəd Salome Zurabişvili noyabrın 12-si paytaxt Tbilisidə fövqəladə brifinq keçirib. Novator.az-ın məlumatına görə, xanım siyasətçi özünün və ailə üzvlərinin hədələnməsindən gileylənib. O qeyd edib ki, noyabrın 9-u, 10-u və 11-də özü, eləcə də oğlu Teymuraz və qızı Ketevan telefonla göndərilən səsli SMS-lərlə ölüm hədələri alıb: “Bizi “Başınıza güllə çaxacağıq, qanınızı içəcəyik” tipli sözlərlə təhdid ediblər. Çox təhlükəli bir durum yaranıb”.
Salome Zurabişvili hədə dolu SMS-ləri Vahid Milli Hərəkat Partiyasına bağlı olan keçmiş hərbçilərin göndərdiyini vurğulayıb, Daxili İşlər Nazirliyinə və başqa uyğun qurumlara müraciət etdiyini bildirib.
Vahid Milli Hərəkat Partiyasını 2001-ci ildə Mixail Saakaşvili yaradıb. 1967-ci il təvəllüdlü Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub.
Oktyabrın 28-i Gürcüstanda prezident seçkisinin ilk turu keçirilib. 25 namizədin qatıldığı seçkidə müstəqil namizəd, hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının dəstəklədiyi deputat Salome Zurabişvili 38,64 faiz, Vahid Milli Hərəkat Partiyasının üzvü, “Güc birlikdədir” müxalif hərəkatının dəstəklədiyi Qriqol Vaşadze 37,74 faiz səs toplayıb. İkinci turda bu iki iddiaçı yarışacaq.
Salome Zurabişvili 1952-ci il martın 18-i Fransanın paytaxtı Parisdə, gürcü mühacirlərin ailəsində anadan olub. Paris Siyasi Elmlər İnstitutunu və ABŞ-ın Kolumbiya Universitetini bitirib.
1974-cü ildən Salome Zurabişvili Fransa Xarici İşlər Nazirliyi sistemində çalışıb. Fransanın İtaliyadakı səfirliyində üçüncü katib, BMT-dəki nümayəndəliyində ikinci katib, ABŞ-dakı səfirliyində birinci katib, Çaddakı səfirliyində birinci katib postlarını tutub.
Salome Zurabişvili 1992-ci ildən Fransanın NATO-dakı nümayəndəliyinin birinci katibi, 1993-cü ildən Fransanın Avropa İttifaqındakı daimi nümayəndəsinin müavini olub, sonrakı illərdə Fransa Xarici İşlər Nazirliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
2003-cü ildə Gürcüstana səfir göndərilən Salome Zurabişvili 2004-cü ildən bu ölkənin xarici işlər naziri olub.
2005-ci ildə nazir postundan gedən Salome Zurabişvili əvvəl ictimai hərəkat, sonra müxalif partiya yaradıb. 2010-cu ildə Salome Zurabişvili partiya rəhbərliyindən ayrılıb.
Salome Zurabişvilinin oğlu Teymuraz Nyu-Yorkda yaşayır, BMT-də çalışır, Parisdə yaşayan qızları Ketevan isə Fransa telekanallarından birinin əməkdaşıdır.