Noyabrın 12-si Bakıda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışı olub. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Bu il martın 14-də dövlət başçısı elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid tədbirlərinə fərman verib. Sənəd Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə elektron hökumət sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirmək səlahiyyəti verib. Agentliyə dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirən əlaqələndirici qurum funksiyalarını yerinə yetirmək tapşırılıb.
Qurum “Elektron hökumət” portalının (www.e-gov.az) idarə olunmasını və fəaliyyətini təmin etməlidir.
Fərmanda nəzərdə tutulan vəzifələrin icrasını təmin etmək məqsədi ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılıb. “Elektron hökumət” portalı texniki-texnoloji infrastrukturu ilə birlikdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansından Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin balansına verilib.