Aktrisa Amaliya Pənahovanın ölümü ilə bağlı rəsmi nekroloq yayılıb. Prezident İlham Əliyevin, birinci vitse-prezident Mehriban Əliyevanın, baş nazir Novruz Məmmədovun, parlament sədri Oqtay Əsədovun və başqa rəsmilərin imzaladığı nekroloqda deyilir: “Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Müasir Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, dövlət mükafatı laureatı, prezidentin fərdi təqaüdçüsü, xalq artisti, sənətşünaslıq üzrə elmlər doktoru, professor Amaliya Əliş qızı Pənahova 2018-ci il noyabr ayının 8-də vəfat edib.
Amaliya Pənahova 1945-ci il iyunun 15-də Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb.
1964-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilən Amaliya Pənahova burada 1992-ci ilədək səhnə fəaliyyətini davam etdirib. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və ömrünün sonunadək həmin teatra rəhbərlik edib.
Zəngin yaradıcılıq axtarışları sayəsində milli teatr və kino sənətinə dəyərli töhfələr vermiş Amaliya Pənahova müasir Azərbaycan mədəniyyətində özünəməxsus layiqli yer tutur. Azərbaycan teatrının parlaq ənənələri zəminində formalaşan və bu irsə həmişə sadiq qalan sənətkar gözəl ifa tərzi və yüksək səhnə mədəniyyəti ilə qısa müddət ərzində teatr və kino həvəskarlarının rəğbətini qazanıb, sənətsevərlərin qəlbinə yol tapıb. İfadəli səs tembrinə malik istedadlı aktrisanın milli və dünya dramaturji irsinə müraciət edərək teatr səhnəsində böyük məharətlə canlandırdığı çox sayda yaddaqalan obrazlar öz təbiiliyi, həyatiliyi və lirik-psixoloji dərinliyi ilə səciyyələnir. Onun sənətkar olaraq müasirlərin daxili aləminə peşəkarlıqla nüfuz etmək bacarığı təqdirlə qarşılanıb.
Amaliya Pənahovanın televiziya tamaşalarında yaratdığı unudulmaz personajlar milli televiziyanın fondunda diqqətəlayiq sənət nümunələri kimi qorunub saxlanır. Kinofilmlərdəki müxtəlif səpkili rolları aktrisanın bu sənətin incəliklərinə dərindən bələd olduğunu aydın təcəssüm etdirir. Amaliya xanımın ekran həyatı bəxş etdiyi dolğun və bitkin surətlər sırasında tarixi-mədəni keçmişimizlə bağlı qadın obrazları Azərbaycan kinematoqrafiyasının nailiyyətlərindən sayılır.
Teatr sənətini pedaqoji fəaliyyətlə uğurla əlaqələndirən Amaliya Pənahova gənc aktyorların yetişdirilməsi üçün böyük əmək sərf edib.
O, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edib, ikinci çağırış Azərbaycan Milli Məclisinə deputat seçilib.
Amaliya Pənahovanın Azərbaycan mədəniyyətinin inkişafı sahəsində göstərdiyi xidmətlər lazımınca qiymətləndirilib. O, bir sıra mükafatlara və fəxri adlara layiq görülüb, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından “Şöhrət” və “Şərəf” ordenləri və prezidentin fəxri diplomu ilə təltif edilib.
Tanınmış sənətkar, teatr təşkilatçısı, pedaqoq və səmimi insan Amaliya Pənahovanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq”.