Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri, məhbus Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Londonda azadlığa buraxılıb.
Zamirə Hacıyeva ötən həftə Londonda ilkin məhkəmənin qərarı ilə həbs edilmişdi. Onun Azərbaycanın hüquq mühafizə orqanlarının müraciəti əsasında tutulduğu bildirilirdi.
Report.az-ın məlumatına görə, noyabrın 8-də azadlığa buraxılan Zamirə Hacıyevaya axşam 21-dən səhər 6-dək evdən çıxmamaq, hər gün günortayadək polis bölməsinə baş çəkmək şərtləri qoyulub. Londonda yuxarı məhkəmənin çıxardığı qərara əsasən, Zamirə Hacıyevanın pasportu polisdə saxlanacaq.
2015-ci ilin dekabr ayında Azərbaycanda həbs olunan Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. İttihama əsasən, 2001-2015-ci illərdə Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyev digər şəxslərlə qabaqcadan əlbir olaraq mütəşəkkil qrup yaradıb və həmin qrupa rəhbərlik edib, qulluq mövqeyindən sui-istifadə edərək özünün, ailə üzvlərinin və digər şəxslərin adına kart hesabları açıb və həmin hesablara külli miqdarda pul vəsaitlərinin köçürülməsi barədə qanunsuz göstərişlər verib. Qeyd olunur ki, Cahangir Hacıyev və cinayətin digər iştirakçıları Müşahidə Şurasının qərarı olmadan Beynəlxalq Bankın filiallarında bir çox fiziki şəxsin adına kredit pullarını rəsmiləşdirərək mənimsəyiblər, Beynəlxalq Banka 211 milyon manatdan çox ziyan vurublar.
Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva da iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Barəsində həbs qətimkan tədbiri seçilən Zamirə Hacıyeva axtarışa verilib.
Bu yaxınlarda Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Milli Agentliyi Zamirə Hacıyevadan sərvətinin mənbəyini açıqlamağı tələb edib. Zamirə Hacıyevanın Londonda bahalı ev alması, külli miqdarda pul xərcləməsi Britaniya hüquq mühafizə orqanlarına şübhəli görünüb, onun zinət əşyaları müsadirə olunub, hesabları dondurulub.