Noyabrın 8-i Qazaxıstanın paytaxtı Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti keçirilib. Novator.az-ın məlumatına görə, üzv ölkələrin liderlərinin daxil olduğu ali orqanın – Kollektiv Təhlükəsizlik Şurasının iclasına Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Tacikistan prezidenti İmaməli Rəhman, Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan qatılıblar.
İclasda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yeni baş katibinin seçilməsini dekabrın 6-sı Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək sammitə saxlamaq qərara alınıb.
Qurumun ali vəzifəli şəxsi olan baş katib postunu 2017-ci il mayın 2-dən erməni general-polkovnik Yuri Xaçaturov tutub. Bu il oktyabrın 30-da o, Ermənistanın təşəbbüsü ilə vəzifədən uzaqlaşdırılıb.
Baş katib səlahiyyətləri müvəqqəti olaraq müavin Valeri Semerikova verilib.
Bu il Ermənistanda Yuri Xaçaturova dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə ittihamı irəli sürülüb. İyul ayında həbsinə vəsatət verilmiş Yuri Xaçaturovu məhkəmə pul girovu müqabilində azadlığa buraxıb.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının əsası 1992-ci il mayın 15-də 6 ölkənin – Rusiya, Ermənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın dövlət başçılarının imzaladığı müqavilə ilə qoyulub. Hərbi təcavüzə qarşı birgə müdafiəni də nəzərdə tutan, 5 il müddətinə imzalanmış sənədə 1993-cü ildə Belarus, Azərbaycan və Gürcüstan da qoşulub, üzvlərin sayı 9-a qalxıb. Ölkə parlamentlərində təsdiq prosesi bitən gün – 20 aprel 1994-cü ildə kollektiv təhlükəsizlik müqaviləsi qüvvəyə minib.
2 aprel 1999-cu ildə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan müqavilənin hər 5 ildən bir avtomatik uzadılmasını nəzərdə tutan protokolu imzalayıblar. Azərbaycan, Gürcüstan, Özbəkistan bu addımı atmayıblar və KTMT üzvlərinin sayı 6-ya düşüb.
7 oktyabr 2002-ci ildə KTMT-nin nizamnaməsi qəbul olunub. Nizamnaməyə əsasən, KTMT beynəlxalq regional qurumdur.
2006-2012-ci illərdə Özbəkistan yenidən KTMT-də təmsil olunub.