Prezident İlham Əliyev yeni sərəncamlar imzalayıb.
Sərəncamların üçü Ağdam rayonunu əhatə edir. Erməni silahlı birləşmələri ilə təmas xəttinə yaxın 19 yaşayış məntəqəsində 139 ailənin yaşadığı 121 fərdi yaşayış evinin bərpası üçün 2018-ci ilin dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılır.
Təhsil Nazirliyi Ağdamın Birinci Yüzbaşılı kəndində 132 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün büdcədən ilkin olaraq 1 milyon manat alacaq.
Əhalisi 26265 nəfər olan 20 yaşayış məntəqəsində 35 subartezian quyusunun layihələndirilməsi və qazılması üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 2,5 milyon manat verilir.
Digər sərəncamlar təltifləri nəzərdə tutur. Dövlət başçısı Qəzənfər Məmməd oğlu Paşayevə əməkdar elm xadimi fəxri adı verib. Araslı Nüşabə Həmid qızı və Məmməd Tahirə Qəşəm qızı prezidentin fəxri diplomu ilə, Alışanov Şirindil Həsən oğlu, Quliyeva Mahirə Həmid qızı, Yusifov Vaqif Əziz oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər. Təltiflər ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlə əsaslandırılıb.