Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsi Gəncədə keçirilmiş əməliyyat barədə rəsmi bilgi yayıb. Açıqlamaya görə, radikal dini ekstremist qrupun üzvləri Ələkbərov Famil Fazil oğlu və Rzayev Rüstəm Rafael oğlunun silah-sursat, partlayıcı maddələr əldə etmələri, ölkədə terror aktı planlaşdırdıqları barədə daxil olmuş məlumat əsasında tədbirlər keçirilib: “Noyabrın 4-ü Gəncə şəhərində tərksilah olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələri üzrə keçirilən əməliyyat tədbirləri zamanı Rüstəm Rzayevin və Famil Ələkbərovun olduğu avtomobil saxlanıb. Həmin şəxslər odlu silahdan atəş açıb silahlı müqavimət göstəriblər. Xüsusi əməliyyat qrupu cavab tədbiri olaraq Famil Ələkbərov və Rüstəm Rzayevi məhv edib.
Hadisə yerində 1 ədəd “Kalaşnikov” avtomatı, həmin silaha aid sursat, 1 ədəd “F1” əl qumbarası, Famil Ələkbərova məxsus avtomobildə partlayıcı maddə olan 3 ədəd 200 qramlıq trotil şaşkası və onları işə salmaq üçün 3 ədəd elektrodetonator aşkar edilib. Faktla bağlı cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri aparılır”.