11 ildir Qarabağ danışıqları Madrid prinsipləri adlı təkliflər əsasında aparılır. 2007-ci il noyabrın 29-da ATƏT-in Minsk qrupu həmsədrləri Rusiya, Fransa, ABŞ-ın Madriddə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə təqdim etdiyi təkliflər Dağlıq Qarabağ bölgəsi ətrafındakı rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılmasını, bölgənin yekun statusunun yerli səsvermə ilə müəyyənləşməsini nəzərdə tutur.
1988-ci ilin fevralında Azərbaycanın Mardakert, Əsgəran, Martuni, Hadrut, Şuşa rayonları və Stepanakert şəhərindən ibarət Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. Hərbi əməliyyatlar dövründə ermənilər Dağlıq Qarabağı və onun ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını işğal ediblər.
1994-cü ilin may ayından atəşkəs rejimi qüvvədədir.
ATƏT Xarici İşlər Nazirləri Şurasının 24 mart 1992-ci il qərarı Minsk şəhərində Dağlıq Qarabağa dair sülh konfransının çağırılmasını nəzərdə tutur. Bu məqsədlə yaradılan ATƏT-in Minsk qrupunda Azərbaycan və Ermənistanla yanaşı ABŞ, Rusiya, Fransa (həmsədrlər), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə təmsil olunur.
Novator.az-ın məlumatına görə, erməni mənbələri iddia edir ki, Madrid prinsipləri əsasında sülh sazişi imzalansa, ilk növbədə Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları boşaldılacaq, həmin rayonlar bölgəyə sülhməramlı kontingent yerləşdiriləndən sonra Azərbaycana təhvil veriləcək.
İddiaya əsasən, guya Azərbaycan azad olunmuş ərazilərə hərbi qüvvələr yeritməmək öhdəliyi götürəcək.
Erməni mənbələrinin iddiasına görə, Madrid prinsiplərində Kəlbəcərdən erməni silahlı qüvvələrinin ilk mərhələdə qismən çıxarılacağı, rayonun bir müddət beynəlxalq nəzarətdə olacağı, azərbaycanlı əhalinin ora sülh sazişi qüvvəyə minəndən 5 il sonra qayıda biləcəyi vurğulanır. Eyni zamanda sülh sazişinin bütün nəqliyyat və kommunikasiya xətlərinin açılmasını, bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq imkanını nəzərdə tutacağı bildirilir.
İddiaya əsasən, münaqişə Madrid prinsipləri ilə həll olunsa, Laçın rayonunun bir hissəsi Dağlıq Qarabağı Ermənistanla birləşdirən müəyyən ərazi kimi ayrılacaq, Dağlıq Qarabağın yekun statusu müəyyənləşənə qədər həmin ərazi Dağlıq Qarabağ hakimiyyətinin nəzarətində qalacaq; aralıq dövrdə Dağlıq Qarabağ özünə aid məsələlərin həlli ilə bağlı xarici əlaqələr qurmaqda sərbəst olacaq, o cümlədən beynəlxalq təşkilatların işində iştirak edə biləcək.
Novator.az vurğulayır ki, bütün bunlar Madrid prinsiplərinin məzmunu haqda erməni mənbələrində irəli sürülən iddialardır. Lakin Madrid prinsiplərinin mətni rəsmən açıqlanmayıb. Erməni mənbələri bu məlumatları məkrli niyyətlərlə, təhrif olunmuş formada da açıqlaya bilər.
Madrid sənədindən Azərbaycan ictimaiyyətinə bəlli olan odur ki, bu sənədə əsasən, Dağlıq Qarabağın yekun statusu yerli səsvermə ilə həll olunmalıdır. Səsverməyə 1988-ci ildəki say nisbətində Dağlıq Qarabağ sakinləri qatılmalıdır.
1979-cu ildə keçirilmiş siyahıyaalmaya görə, Dağlıq Qarabağ Muxtar Vilayətində 123 min nəfərdən çox erməni, 38 minə yaxın azərbaycanlı yaşayıb.
Ermənilər iddia edirlər ki, rəy sorğusuna çıxarılacaq sualın məzmununa məhdudiyyət qoyulmayacaq.
Novator.az xatırladır ki, Azərbaycan Dağlıq Qarabağın maksimum muxtar respublika olmasına razıdır. 2016-cı ilin oktyabrında “Sputnik Azerbaydjan”a müsahibəsində prezident İlham Əliyev deyib ki, Azərbaycan Dağlıq Qarabağa müstəqillik verilməsinə heç vaxt razı olmayacaq: “Lakin ağlabatan kompromis mümkündür: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın investisiya layihələri həyata keçirməsi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənardakı ərazilərin azad edilməsi şərti ilə iki xalq arasında dinc qarşılıqlı fəaliyyət – biz münaqişənin nizamlanmasını belə görürük.
Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis ola bilməz, lakin yerli özünüidarə, Dağlıq Qarabağın özünüidarəsi məsələlərinə dair kompromis ola bilər. Əgər razılığa gəlsək, bu, gələcəkdə muxtar respublika ola bilər”.