Ermənistan prezidenti Armen Sərkisyan növbədənkənar parlament seçkisi təyin edib. Novator.az-ın məlumatına görə, seçki dekabrın 9-da keçiriləcək.
İndiki parlament 2017-ci il aprelin 2-də seçilib. O vaxt prezident postunu tutan Serj Sərkisyanın liderlik etdiyi Respublika Partiyası 105 nəfərlik parlamentə 58 mandat qazanaraq hökumət qurmaq hüququ əldə edib. 2008-ci ildən prezident olan Serj Sərkisyan bu il aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq xalq etirazlarına görə aprelin 23-də istefa verib. Xalq etirazlarına Vətəndaş Sazişi Partiyasının sədri Nikol Paşinyan başçılıq edib. O, mayın 8-də baş nazir postuna keçib.
Nikol Paşinyan və onun hökuməti oktyabrın 16-dan istefadadır. Prezident Armen Sərkisyan hökuməti müvəqqəti olaraq əvvəlki heyətə tapşırıb.
İstefa növbədənkənar parlament seçkisi planının tərkib hissəsi olub. Baş nazir istefa verdikdən sonra iki həftə ərzində hökumətin yeni başçısı seçilmədiyi üçün parlament konstitusiyanın hökmü ilə buraxılıb.
Hazırda Vətəndaş Sazişi Partiyasının və müttəfiqlərinin “Çıxış” bloku parlamentdə 9 mandata sahibdir. Respublika Partiyasının parlament fraksiyası 49 nəfərdən, böyük əksəriyyəti Çiçəklənən Ermənistan Partiyasının üzvləri olan Sarukyan bloku 31 nəfərdən, Daşnaksütun Partiyasının fraksiyası 7 nəfərdən ibarətdir. 8 deputat heç bir fraksiyaya qatılmır.