Noyabrın 1-də Ermənistan parlamentində yenidən formal baş nazir seçkisi keçirilib. Yeganə namizəd olan, ancaq deputatlardan səs istəməyən Vətəndaş Sazişi Partiyasının sədri, baş nazir əvəzi Nikol Paşinyan seçilməyib. O, bir səs də toplamayıb.
Oktyabrın 24-də keçirilmiş seçkidə də eyni nəticə qeydə alınmışdı.
Nikol Paşinyan və onun hökuməti oktyabrın 16-dan istefadadır. Prezident Armen Sərkisyan hökuməti müvəqqəti olaraq əvvəlki heyətə tapşırıb.
İstefa növbədənkənar parlament seçkisi planının tərkib hissəsidir. Ölkə konstitusiyasına əsasən, baş nazir istefa verdikdən sonra iki həftə ərzində hökumətin yeni başçısı seçilməsə, parlament buraxılır. Parlamentin 24 oktyabr və 1 noyabr iclaslarının nəticələri dekabr ayına nəzərdə tutulan növbədənkənar seçkinin yolunu açır.
Ermənistan parlamenti buraxılandan sonra da fəaliyyətini davam etdirəcək. Konstitusiyaya əsasən, növbədənkənar seçki motivi ilə buraxılan parlamentin səlahiyyət müddəti yeni parlamentin ilk iclası günü başa çatır. Həmin vaxta qədər köhnə parlament səlahiyyətlərinin icrasını tam şəkildə icra edə bilər.
İndiki parlament 2017-ci ilin yazında seçilib. Vətəndaş Sazişi Partiyasının və müttəfiqlərinin yaratdığı “Çıxış” bloku parlamentdə 9 mandata sahibdir. Respublika Partiyasının parlament fraksiyası 49 nəfərdən, böyük əksəriyyəti Çiçəklənən Ermənistan Partiyasının üzvləri olan Sarukyan bloku 31 nəfərdən, Daşnaksütun Partiyasının fraksiyası 7 nəfərdən ibarətdir. 8 deputat heç bir fraksiyaya qatılmır.
Hakimiyyətini möhkəmləndirmək üçün Nikol Paşinyan parlamentin yenidən formalaşdırılmasına ehtiyac duyur.
2008-ci ildən prezident postunu tutan Respublika Partiyasının sədri Serj Sərkisyan bu il aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq xalq etirazlarına görə aprelin 23-də istefa verib. Xalq etirazlarına başçılıq edən Vətəndaş Sazişi Partiyasının sədri Nikol Paşinyan mayın 8-də baş nazir postuna keçib.