Oktyabrın 29-da prezident İlham Əliyev Şəki “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. Kompleksin əməkdaşları ilə görüşdə dövlət başçısı deyib ki, “ASAN Həyat” kompleksləri, “ASAN xidmət” mərkəzləri dünya miqyasında ən yüksək ictimai xidmət göstərən qurumlardandır: “Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl BMT “ASAN xidmət”ə ictimai xidmətlər üzrə xüsusi mükafat təqdim edib. Bu təcrübə bir neçə ölkədə öyrənilir və bir neçə ölkə ilə “ASAN xidmət” üzrə müvafiq sənədlər imzalanıb. Bu onu göstərir ki, xidmət indi dünya miqyasında böyük maraq doğurur. Bu bizi çox sevindirir, çünki bu bizim intellektual məhsulumuzdur. Mən dəfələrlə demişəm ki, “ASAN” Azərbaycanın milli brendidir. Biz öz intellektual məhsulumuzu vətəndaşlara təqdim edirik, eyni zamanda dünyaya göstəririk ki, Azərbaycan bu sahədə də liderdir.
“ASAN xidmət” mərkəzlərinin yaradılması ölkəmizdə ictimai xidmətlər sahəsində bir inqilab idi. Hamımız yaxşı bilirik ki, bu sahə ən çox narazılıq doğuran sahə idi. Bu gün Azərbaycanda fəaliyyət göstərən 15 mərkəzdə, – bu, 15-ci mərkəzdir, – ən yüksək xidmət göstərilir və bu mərkəzlərdə bürokratiya, rüşvətxorluq, korrupsiya, süründürməçilik sıfır səviyyəsindədir. Təsadüfi deyil ki, vətəndaşların “ASAN xidmət” fəaliyyətinə verdiyi qiymət də 100 faiz müsbətdir, bəyənmə əmsalı 100 faizə yaxındır.
Bu ay İmişli “ASAN Həyat” kompleksinin açılışında olarkən, onu işə salarkən lövhədə gördüm ki, 24 milyondan çox müraciət edilib. Bu gün Şəki kompleksini işə salarkən lövhədə gördüm ki, müraciətlərin sayı artıq 25 milyona yaxınlaşıb. Bu onu göstərir ki, qısa müddət ərzində çox sayda müraciət olub və biz artıq 25 milyon rəqəminə yaxınıq. Güman edirəm ki, bir neçə gündən sonra biz bu rəqəmə də çatacağıq. Növbəti illərdə, xüsusilə gələn il ən azı 5 mərkəz yaradılacaq. Beləliklə, bölgələrdə “ASAN xidmət” mərkəzlərinin sayı 15-ə çatacaq və Azərbaycan vətəndaşlarına 5-i Bakıda olmaqla 20 mərkəz xidmət göstərəcək.
Bu mərkəzlərin yaradılmasında Azərbaycanın uğurlu siyasəti öz əksini tapır. “ASAN xidmət” mədəni xidmətdir, “ASAN xidmət” ən yüksək səviyyəli innovativ metodları vətəndaşlara təqdim edən mərkəzdir. Korrupsiya, rüşvətxorluqla bağlı apardığımız mübarizə “ASAN xidmət” mərkəzlərində tam bərqərar olub və bu, bütün dövlət qurumları üçün nümunədir, örnəkdir. Mən öz çıxışlarımda dəfələrlə demişəm ki, Azərbaycanda bütün sahələrdə şəffaflıq, dürüstlük “ASAN xidmət” mərkəzlərinin səviyyəsinə qalxmalıdır və biz tədricən bu hədəfə də çatırıq.
“ASAN” son vaxtlar öz fəaliyyət dairəsini genişləndirir. Mən dəfələrlə demişəm, o sahələri ki, bu gün vətəndaşlar bəyənmir, narazılıq doğurur, o sahələrə “ASAN xidmət”in yanaşması mütləq gətirilməlidir. Təsadüfi deyil ki, mərkəzlərdə göstərilən xidmətlərin sayı da getdikcə artır. Bu mərkəzdə 320 xidmət göstərilir. Biz birinci “ASAN xidmət” mərkəzlərində təqribən 100, ondan sonra 200 xidmətə çata bilmişik. İndi xidmətlərin sayı çoxalır və getdikcə çoxalacaq”.
Dövlət başçısı Şəkidə görülən işlərə də toxunub: “Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrası nəticəsində bütün bölgələrdə çox böyük quruculuq, abadlıq işləri aparılır, o cümlədən Şəki rayonunda. Şəki bizim qədim tarixi şəhərimizdir, nəinki Azərbaycanda, bütün bölgədə öz təbiəti, memarlığı, mətbəxi ilə fərqlənən şəhərdir. Şəkinin tarixi simasını qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur, Azərbaycan dövlətinin borcudur və biz bunu edirik. Şəki öz qədim tarixi simasını saxlayaraq inkişaf edir, müasirləşir. Şəki rayonunda böyük infrastruktur layihələri icra edilir. Son illər ərzində görülən işlər nəticəsində qazlaşdırma 82 faizə çatıb. Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Şəkidə 87 meqavat gücündə elektrik stansiyası tikilib. İndi biz Şəkinin içməli su layihəsinin icrası ilə məşğuluq. Mən göstəriş vermişəm ki, bu layihənin icrası daha da sürətlə getsin.
Bu gün biz kənd yolu layihəsinin açılışını qeyd etdik. Komplekslə üzbəüz Şəki Rayon Mərkəzi Xəstəxanası yerləşir. Mən o xəstəxananın açılışında şəxsən iştirak etmişəm. Olimpiya kompleksi, 30-dan çox məktəb tikilib, təmir edilib və bir çox istirahət zonaları, otellər fəaliyyət göstərir. Şəki indi beynəlxalq turizm mərkəzinə çevrilir. Təbii ki, turistləri Şəkiyə cəlb edən bir çox amillər var – Şəkinin tarixi, memarlığı, mətbəxi, Şəki sənətkarlarının əl işləri və şəkililərin qonaqpərvərliyi. Əlbəttə, bütün bu amilləri nəzərə alaraq, biz çalışmalıyıq və çalışacağıq ki, Şəki rayonunu daha da sürətlə inkişaf etdirək, bu günə qədər öz həllini tapmamış bütün məsələləri həll edək.
Şəki-Balakən yolunun təmiri tam başa çatıb. Əvvəlki səfərlərdə mən Şəki-Qax avtomobil yolunun açılışını etmişəm. İndi Bakı-Şəki yolunun tam işə salınması istiqamətində böyük işlər gedir. Hər iki istiqamətdə – həm Yevlax, həm Şamaxı istiqamətində gedən yolların mütləq əksəriyyəti çox gözəl səviyyədədir. Yəni gələcəkdə Şəkinin sürətli inkişafı üçün əlavə tədbirlər görüləcək”.