Ermənistan parlamenti Seçki Məcəlləsinə və uyğun qanunlara dəyişikliklər layihəsini yenə qəbul etməyib. Novator.az-ın məlumatına görə, oktyabrın 29-da keçirilən səsvermədə layihəni 62 deputat dəstəkləyib. Sənədin keçməsi üçün 63 səs gərək idi.
Sabiq prezident Serj Sərkisyanın sədrlik etdiyi Respublika Partiyasından olan deputatların çoxu səsverməyə qatılmayıb.
Oktyabrın 22-də keçirilən ilk səsvermədə layihəyə 56 deputat tərəfdar çıxmışdı.
Seçki qanunvericiliyinə dəyişikliklər layihəsi Ermənistan hökumətinin təşəbbüsüdür. Layihə parlament seçkisində ərazilərdən namizəd vermək qaydasının ləğvini nəzərdə tutur. Partiya və blok seçkidə ölkə üzrə vahid namizəd siyahısı təqdim etməlidir.
Parlamentə keçid həddini partiyalar üçün 5 faizdən 4 faizə, bloklar üçün 7 faizdən 6 faizə endirmək təklif edilir.
Digər təklifə görə, heç bir qüvvə parlament üzvlərinin 54 faizi qədər mandat almasa, yeni seçki keçirilir. Həmçinin müxalifət parlamentdə azı dörd qüvvə ilə təmsil edilməli, onun mandatlarının sayı deputatların üçdə birindən az olmamalıdır (Ermənistan Konstitusiyasına görə, parlamentin deputatlarının sayı azı 101 nəfərdir).
Hazırda Ermənistanı müvəqqəti hökumət idarə edir. Oktyabrın 16-da baş nazir Nikol Paşinyan istefa verib, hökumət avtomatik olaraq istefaya göndərilib. Prezident Armen Sərkisyan hökuməti müvəqqəti olaraq əvvəlki heyətə tapşırıb.
İstefa növbədənkənar parlament seçkisi planının tərkib hissəsidir. Ölkə konstitusiyasına əsasən, baş nazir istefa verdikdən sonra parlament iki həftə ərzində hökumətin yeni başçısını seçməlidir. Oktyabrın 24-də parlamentdə baş nazir seçkisi keçirilib. “Çıxış” blokunun irəli sürdüyü, yeganə namizəd olan Vətəndaş Sazişi Partiyasının sədri, baş nazir əvəzi Nikol Paşinyan bir səs belə toplamayıb və seçilə bilməyib. Həmin iclasda çıxış edən Nikol Paşinyan deputatları ona səs verməməyə, bununla da parlamentin buraxılması mexanizminin işə düşməsinə şərait yaratmağa çağırıb.
Oktyabrın 31-də yenə baş nazir seçilməsə, qanunverici orqan buraxılacaq və dekabr ayına növbədənkənar parlament seçkisi təyin olunacaq.
2008-ci ildən prezident postunu tutan Respublika Partiyasının sədri Serj Sərkisyan bu il aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq xalq etirazlarına görə aprelin 23-də istefa verib. Xalq etirazlarına başçılıq edən Vətəndaş Sazişi Partiyasının sədri Nikol Paşinyan mayın 8-də baş nazir postuna keçib.
İndiki parlament 2017-ci ilin yazında seçilib. Vətəndaş Sazişi Partiyasının və müttəfiqlərinin yaratdığı “Çıxış” bloku parlamentdə 9 mandata sahibdir. Ermənistan Respublika Partiyasının parlament fraksiyası 51 nəfərdən, böyük əksəriyyəti Çiçəklənən Ermənistan Partiyasının üzvləri olan Sarukyan bloku 31 nəfərdən, Daşnaksütun Partiyasının fraksiyası 7 nəfərdən ibarətdir. 7 deputat heç bir fraksiyaya qatılmır.
Hakimiyyətini möhkəmləndirmək üçün Nikol Paşinyan parlamentin yenidən formalaşdırılmasına ehtiyac duyur.