Gürcüstanda oktyabrın 28-də keçirilmiş prezident seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, 25 namizədin qatıldığı ilk turda heç kim səslərin 50 faizindən çoxunu qazana bilməyib.
Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının dəstəklədiyi deputat Salome Zurabişvili 38,6 faiz, müxalif Vahid Milli Hərəkat Partiyasından Qriqol Vaşadze 37,7 faiz səslə ikinci tura çıxıblar.
Salome Zurabişvili 1952-ci ildə Fransanın paytaxtı Parisdə, gürcü mühacirlərin ailəsində anadan olub. Paris Siyasi Elmlər İnstitutunu və ABŞ-ın Kolumbiya Universitetini bitirib.
1974-cü ildən Salome Zurabişvili Fransa Xarici İşlər Nazirliyi sistemində çalışıb. Fransanın İtaliyadakı səfirliyində üçüncü katib, BMT-dəki nümayəndəliyində ikinci katib, ABŞ-dakı səfirliyində birinci katib, Çaddakı səfirliyində birinci katib postlarını tutub.
Salome Zurabişvili 1992-ci ildən Fransanın NATO-dakı nümayəndəliyinin birinci katibi, 1993-cü ildən Fransanın Avropa İttifaqındakı daimi nümayəndəsinin müavini olub, sonrakı illərdə Fransa Xarici İşlər Nazirliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
2003-cü ildə Gürcüstana səfir göndərilən Salome Zurabişvili 2004-cü ildən bu ölkənin xarici işlər naziri olub.
2005-ci ildə nazir postundan gedən Salome Zurabişvili əvvəl ictimai hərəkat, sonra müxalif partiya yaradıb. 2010-cu ildə Salome Zurabişvili partiya rəhbərliyindən ayrılıb.
Qriqol Vaşadze 1958-ci ildə Tbilisidə anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, SSRİ Xarici İşlər Nazirliyinin aspirantı olub. 1981-1988-ci illərdə SSRİ Xarici İşlər Nazirliyində çalışıb.
1990-2008-ci illərdə Qriqol Vaşadze fərdi bizneslə məşğul olub və bir sıra şirkətlərə rəhbərlik edib.
2008-ci ilin fevralında Qriqol Vaşadze Gürcüstan xarici işlər nazirinin müavini təyin edilib. Bu postda bir neçə ay çalışan Qriqol Vaşadze həmin ilin noyabrında mədəniyyət, abidələrin mühafizəsi və idman naziri postuna təyin olunub.
2008-ci ilin dekabrında ona xarici işlər naziri postu həvalə edilib. Qriqol Vaşadze həmin postda 2012-ci ilin sonunadək, ölkədə hakimiyyət dəyişikliyinə qədər işləyib.
Vahid Milli Hərəkat Partiyasını 2001-ci ildə Mixail Saakaşvili yaradıb. 1967-ci il təvəllüdlü Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub.
Gürcüstanda prezidentin səlahiyyətləri məhduddur. Hökuməti 150 yerlik parlamentə azı 76 mandat əldə edən partiya formalaşdırır. 2016-cı ilin oktyabrında keçirilmiş son parlament seçkisində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası 115 mandat qazanıb. 2012-ci ildə qurulmuş partiya həmin ilin oktyabr ayından hakimiyyətdədir.