“ASAN” mərkəzlərində dövlət orqanlarının göstərdiyi xidmətlərin sayı artıb. Novator.az bildirir ki, prezident İlham Əliyevin 26 oktyabr fərmanı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabe olan “ASAN xidmət” mərkəzləri torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi; hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsi; əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması hüquqları əldə edib.
Hərbi qeydiyyatla bağlı da yeniliklər var. “ASAN xidmət” mərkəzlərində yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması; vətəndaşın hərbi qeydiyyatda olmasına dair arayışın verilməsi; vətəndaşa müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verildiyinə dair arayışın verilməsi; həqiqi hərbi xidmət keçmiş şəxsə hərbi xidmətkeçmə haqqında arayışın verilməsi; vətəndaşın müddətli həqiqi hərbi xidmətə göndərildiyinə dair arayışın verilməsi həyata keçiriləcək.
Fərmana əsasən, “ASAN xidmət” mərkəzləri qida təhlükəsizliyi ilə bağlı əməliyyatların qeydiyyatında bu hüquqları qazanır:
– qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və müvafiq dövlət reyestrindən çıxarışın (onun dublikatının) verilməsi;
– qeydiyyata alınmış subyektlərin reyestr məlumatlarında dəyişiklik edilməsi;
– qida təhlükəsizliyi sertifikatının verilməsi;
– ixrac edilən heyvanlara və heyvan mənşəli məhsullara beynəlxalq baytarlıq sertifikatının verilməsi;
– idxal və istehsal edilən baytarlıq preparatlarının dövlət qeydiyyatına (təkrar qeydiyyata) alınması və bu barədə qeydiyyat şəhadətnaməsinin (təkrar qeydiyyat şəhadətnaməsinin) verilməsi;
– bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsi;
– daxili karantin sertifikatının verilməsi;
– pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin qeydiyyata alınması və qeydiyyat (təkrar qeydiyyat) şəhadətnaməsinin verilməsi;
– Avropa İttifaqının yeyinti məhsullarının idxalı ilə bağlı tələblərinin icrasını həyata keçirmək məqsədilə həmin ölkələrə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə müvafiq sənədlərin (məlumatların) verilməsi.