“Azərbaycan heç vaxt işğalla barışmayacaq”. Oktyabrın 25-i VI Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində çıxış edən prezident İlham Əliyev belə deyib.
Dövlət başçısı qeyd edib ki, müxtəlif dinlərin, xalqların nümayəndələri əsrlər boyu Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşayıblar və bu siyasət bu gün də davam etdirilir: “Azərbaycanda bu istiqamətdə dövlət siyasəti çox səmərəlidir və gözəl nəticələrə gətirib çıxarır. Bizim tarixi keçmişimiz, mədəniyyətimiz onu göstərir ki, müxtəlif dinlərin nümayəndələri Azərbaycanda həmişə çox rahat yaşayıblar, bir ailə kimi yaşayıblar. Tarixi, dini abidələrimiz həm qədim tariximizi göstərir, eyni zamanda göstərir ki, Azərbaycan müxtəlif dinlərin nümayəndələri üçün doğma diyar, doğma məkan olub. Biz fəxr edirik ki, müsəlman aləminin ən qədim məscidlərindən biri olan, 743-cü ildə tikilmiş və bizim Şamaxı şəhərində yerləşən məscid milli sərvətimizdir. Eyni zamanda digər qədim şəhərimizin – Şəki şəhərinin yaxınlığında Qafqazın ən qədim kilsələrindən biri – Qafqaz Albaniyası kilsəsi yerləşir. Hər iki məbəd əsaslı şəkildə təmir və bərpa edilib qorunur. Bakıda qədim atəşpərəstlik məbədi Atəşgah yerləşir. Bu da onu göstərir ki, Azərbaycanda zərdüştlük dininin ənənələri var.
Ənənəvi dinlərin məbədlərinin – katolik, pravoslav kilsələrinin, sinaqoqların bərpası və tikintisi Azərbaycanda reallıqdır. Bu reallıq ölkəmizdə çox gözəl ictimai iqlim yaradır. Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Biz öz milli, dini ənənələrimizə çox bağlıyıq, sadiqik və milli dəyərlər gələcək inkişafımız üçün xüsusi rol oynayır. Müasir Azərbaycan dövləti çox dərin milli dəyərlər, milli-mənəvi dəyərlər üzərində qurulub. Eyni zamanda biz dünyaya açığıq. Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilib”.
İlham Əliyev Azərbaycanın 27 ildir müstəqil dövlət kimi yaşadığını vurğulayıb: “Müstəqilliyimizin ilk günləri, ilk illəri çox ağır və faciəvi idi. Həm siyasi böhran, daxili çəkişmələr, vətəndaş müharibəsi, iqtisadi tənəzzül, kütləvi itaətsizlik, eyni zamanda Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti böyük fəlakətə, bəlalara gətirib çıxardı. Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır, xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb, 1 milyondan çox azərbaycanlı öz doğma torpağında köçkün vəziyyətinə düşüb. Bütün aparıcı beynəlxalq təşkilatlar bu münaqişə ilə bağlı qərar və qətnamələr qəbul edib, o cümlədən BMT Təhlükəsizlik Şurası dörd qətnamə çıxarıb. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələrin qəbul olunmasından 25 il keçir. Ermənistan bu qətnamələri icra etmir və əfsuslar olsun, hələ də beynəlxalq mexanizm işlənməyib ki, təcavüzkarı beynəlxalq aparıcı qurumda qəbul edilmiş qətnamələrin icrasına məcbur etsin.
BMT-nin Baş Assambleyası oxşar qətnamə qəbul edib, digər beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti və digər təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünə dəstək göstərilir və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi tələb olunur. Münaqişənin həlli üçün yeganə yol məhz budur, ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan dərhal, qeyd-şərtsiz çıxarılmalı, Azərbaycan vətəndaşları öz doğma, tarixi, əzəli torpaqlarına qayıtmalıdırlar.
Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, Azərbaycanın ayrılmaz hissəsidir. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub. Bizim tarixi abidələrimiz, şəhərlərin, kəndlərin toponimləri bu torpaqların Azərbaycan xalqına məxsus olduğunu sübut edir. Əfsuslar olsun ki, təcavüzkar dövlət işğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimizi də dağıdıb, məhv edib. İşğal edilmiş torpaqlarımıza iki dəfə ezam olunmuş ATƏT-in faktaraşdırıcı və müşahidə missiyası öz məruzələrində bu barədə məlumat verib. Bizim məscidlərimiz, qəbirlərimiz dağıdılıb, muzeylərimiz talan edilib və işğal olunmuş torpaqlarda mədəni soyqırımı törədilib. 1992-ci ildə isə ermənilər Xocalı soyqırımını törədiblər. Bu dəhşətli hərbi cinayət nəticəsində 600-dən çox günahsız dinc insan, onların arasında 60-dan çox uşaq vəhşicəsinə qətlə yetirilib. Xocalı faciəsi dünyanın 10-dan çox ölkəsində rəsmi olaraq soyqırımı kimi tanınıb.
Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Azərbaycan heç vaxt işğalla barışmayacaq, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bunu tarixi ədalət və beynəlxalq hüquq tələb edir”.