Oktyabrın 24-də Ermənistan parlamentində baş nazir seçkisi keçirilib. “Çıxış” blokunun irəli sürdüyü, yeganə namizəd olan Vətəndaş Sazişi Partiyasının sədri, baş nazir əvəzi Nikol Paşinyan bir səs belə toplamayıb və seçilə bilməyib.
Nikol Paşinyan və onun hökuməti oktyabrın 16-dan istefadadır. Prezident Armen Sərkisyan hökuməti müvəqqəti olaraq əvvəlki heyətə tapşırıb.
İstefa növbədənkənar parlament seçkisi planının tərkib hissəsidir. Ölkə konstitusiyasına əsasən, baş nazir istefa verdikdən sonra parlament iki həftə ərzində hökumətin yeni başçısını seçməlidir. Əks halda qanunverici orqan buraxılır. Plana əsasən, yeni baş nazir seçilmir, parlament buraxılır və dekabr ayına növbədənkənar seçki təyin olunur.
Parlamentin 24 oktyabr iclasında çıxış edən Nikol Paşinyan deputatları ona səs verməməyə, bununla da parlamentin buraxılması mexanizminin işə düşməsinə şərait yaratmağa çağırıb.
2008-ci ildən prezident postunu tutan Respublika Partiyasının sədri Serj Sərkisyan bu il aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq xalq etirazlarına görə aprelin 23-də istefa verib. Xalq etirazlarına başçılıq edən Vətəndaş Sazişi Partiyasının sədri Nikol Paşinyan mayın 8-də baş nazir postuna keçib.
İndiki parlament 2017-ci ilin yazında seçilib. Vətəndaş Sazişi Partiyasının və müttəfiqlərinin yaratdığı “Çıxış” bloku parlamentdə 9 mandata sahibdir. Ermənistan Respublika Partiyasının parlament fraksiyası 51 nəfərdən, böyük əksəriyyəti Çiçəklənən Ermənistan Partiyasının üzvləri olan Sarukyan bloku 31 nəfərdən, Daşnaksütun Partiyasının fraksiyası 7 nəfərdən ibarətdir. 7 deputat heç bir fraksiyaya qatılmır.
Hakimiyyətini möhkəmləndirmək üçün Nikol Paşinyan parlamentin yenidən formalaşdırılmasına ehtiyac duyur.