Prezident İlham Əliyev oktyabrın 24-də ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu qəbul edib.
Bundan əvvəl ali qonaqla xarici işlər naziri Elmar Məmmədyarov görüşüb. Nazir Azərbaycanın ABŞ-la əlaqələrə xüsusi əhəmiyyət verdiyini bildirərək xüsusilə terrorizmə qarşı mübarizə çərçivəsində sıx əməkdaşlıq həyata keçirildiyini qeyd edib. Elmar Məmmədyarov ABŞ hökumətinin Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan layihələrə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan Con Bolton ABŞ-ın Azərbaycanla münasibətlərinin strateji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O, Azərbaycanın terrorizmə qarşı mübarizə çərçivəsində Əfqanıstandakı əməliyyatlara verdiyi töhfəsinin yüksək qiymətləndirildiyini qeyd edib.
Qonağa Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar haqqında məlumat verən Elmar Məmmədyarov mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu bildirib. Elmar Məmmədyarov münaqişənin həllində davamlı sülhə nail olunması üçün ilk növbədə Ermənistan qoşunlarının Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu və bu ərazilərdən zor gücü ilə qovulan insanların öz evlərinə geri qayıtmalı olduqlarlını diqqətə çatdırıb.
Görüşdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji, nəqliyyat və tranzit layihələri, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Cənub Qaz Dəhlizi haqqında müzakirələr aparılıb.