Əmlak Məsələləri Dövlət Komitəsində 2018-ci ilin yanvar-sentyabr aylarının yekunları üzrə müşavirə keçirilib. Rəsmi məlumata görə, qurumun sədri Kərəm Həsənov müşavirədə deyib ki, prezidentin 19 sentyabr 2018-ci il fərmanı ilə dövlət torpaqlarının icarəyə verilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı əsasında həyata keçirilir: “Bu, torpaqlardan daha səmərəli və məqsədli şəkildə istifadə edilməsinə, o cümlədən münbit torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması ilə bağlı genişmiqyaslı tədbirlərə şərait yaradacaq. Kənd təsərrüfatı məqsədi ilə 66 min hektara yaxın torpaq sahəsi icarəyə verilib. Torpaqlardan təyinatına uyğun və səmərəli istifadə ilə bağlı 800-ə yaxın inzibati protokol tərtib edilib. Xəzər dənizinin sahilboyu 20-50 metrlik hissəsinin nəzarəti ilə əlaqədar isə bu rəqəm 78-dir.
Ümumilikdə 25 rayonda torpaqların elektron kadastr uçotuna alınması işləri yekunlaşıb və əldə edilən nəticələr real şəraitdə praktiki istifadə üçün yerli icra hakimiyyətlərinə, aidiyyəti qurumlara elektron formada təhvil verilib”.
Komitə sədri əlavə edib ki, dövlət əmlakının səmərəli idarə edilməsi üçün Dünya Bankının tövsiyələri nəzərə alınmaqla iri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılıb: “Bu məlumat bazasında kadr uçotu üzrə məlumatlar, maliyyə və mühasibat göstəriciləri, o cümlədən daşınmaz əmlaka dair informasiyalar yer alır. 5000-ə yaxın dövlət müəssisə və təşkilatından illik xüsusi hesabatlar elektron qaydada qəbul edilib, sahələr üzrə təhlillər aparılıb”.
Hesabata görə, 9 ayda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 160-dan artıq hərrac keçirilib: “500-ə yaxın dövlət əmlakı özəlləşdirilib, 2 müəssisə üzrə investisiya müsabiqəsi baş tutub. Dövlət əmlakının özəlləşmə prosesinin sürətləndirilməsinə və şəffaflığın təmin edilməsinə xidmət edən özəlləşdirmə portalına 9 ay ərzində 650 minə yaxın baxış olub. Ümumilikdə fəaliyyətə başladığı dövrdən portala baxış sayı 2 milyona yaxındır. İnvestisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulan və sənaye, səhiyyə, xidmət, turizm kimi sahələri əhatə edən 400-ə yaxın müəssisə haqqında məlumatlar portalda yerləşdirilib.
2018-ci ilin 9 ayı ərzində ölkə üzrə 160 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Göstərilən elektron xidmətlərin sayı 39-a çatıb. Elektron və onlayn xidmətlər vasitəsilə 150 min müraciət daxil olub və cavablandırılıb. 193 saylı Vahid Çağrı Mərkəzi, komitənin sosial şəbəkələri və internet resurslarına da 11 mindən çox müraciət daxil olub və cavablandırılıb”.
Kərəm Həsənov torpaqların mühafizəsinə dövlət nəzarətinin daha da gücləndirilməsi, qanunsuz tikililərin qarşısının alınması, torpaq münasibətlərinin tənzimlənməsinin effektiv aparılması, o cümlədən torpaqların elektron kadastr uçotu sisteminin təkmilləşdirilməsi, kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi ilə bağlı görülən işlərin sürətlənməsi barədə tapşırıqlar verib.