Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2018-ci ilin 9 ayında görülən işlərin hesabatını verib. Rəsmi məlumata görə, 9 ayda pensiyaların orta aylıq məbləğində ötən ilin yanvar-sentyabr aylarına nisbətən 8,4 faiz, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğində 9 faiz artım qeydə alınıb, pensiyaların maliyyələşməsinə 7,6 faiz çox vəsait yönəldilib.
Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində 16,07 faiz, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 10,33 faiz, qeyri-büdcə sektoru üzrə daxilolmalarda 9 faizə yaxın artımın olduğu bildirilir.
Oktyabrın 1-nə orta hesabla 50,2 min ailənin (200,2 min nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin edildiyi, hər ailəyə ayda orta hesabla 165,4 manat yardım ödənildiyi vurğulanır.
Hesabat dövründə 265 nəfər müharibə əlilinə minik avtomobili verilib, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrindən 35 nəfəri mənzillə təmin olunub.
Nazirliyin məşğulluq orqanları 44,8 min nəfəri münasib işlərlə, 865 nəfər ödənişli ictimai işlərlə təmin edib, 1723 nəfərə işsizliyə görə sığorta ödənişi təyin olunub.
105,7 min manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi, işdən qeyri-qanuni azad olunmuş 7 nəfərin işinə bərpası təmin edilib.