Azərbaycanın təhsil naziri dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə əmri imzalayıb. Əmr dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi qaydalarını rəsmiləşdirir.
Novator.az-ın məlumatına görə, Təhsil Nazirliyində müsabiqə və apellyasiya komissiyaları yaradılıb.
Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilər.
2018-ci ilin oktyabr-dekabr aylarında keçirilməsi planlaşdırılan müsabiqə üzrə komissiyanın sədri Məhəbbət Vəliyevadır (nazir müavini). Üzvlər əmrdə belə sıralanır: Muxtar Məmmədov (aparat rəhbəri), Aydın Əhmədov (ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri), Kənan Quliyev (daxili nəzarət şöbəsinin müdiri), Emin Əmrullayev (təhsilin inkişafı proqramları şöbəsinin müdiri), Eşqi Bağırov (insan resursları şöbəsinin müdiri), Rəşad Tağıyev (Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini).
Apellyasiya komissiyasına Firudin Qurbanov (nazir müavini) sədrlik edir. Komissiyanın üzvləri bu şəxslərdir: Fərzəli Qədirov (aparat rəhbərinin müavini), Anar Cəfərov (nazirin müşaviri).
Müsabiqənin birinci mərhələsində elektron ərizələrin qəbulu həyata keçirilir. Bu mərhələdə namizədlərə 4 vakant yer (namizədin hazırda işlədiyi müəssisənin yerləşdiyi rayon (şəhər) üzrə) seçmək imkanı verilir.
İmtahan mərhələsində namizədlərə əmək və təhsil qanunvericiliyi, idarəetmə, məntiq əhatə olunmaqla 60 test tapşırığı təqdim olunur. Azı 24 bal toplamış namizədlər müsahibə mərhələsinə buraxılırlar. Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinə keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla müəyyən edilir.
Müsahibə mərhələsi zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndirilir. Keçid balı 3 baldır.
Namizədlərin vakant yerlərə yerləşdirilməsini müsahibə mərhələsinin nəticəsinə əsasən seçim ardıcıllığı nəzərə alınmadan komissiya aparır. Müsahibə mərhələsində göstərdiyi nəticədən asılı olaraq namizədə direktor vəzifəsi vakant olan digər məktəblər də təklif oluna bilər.
Vakant direktor vəzifəsini tutmuş namizədlə bir il müddətinə əmək müqaviləsi bağlanır. Həmin müddət başa çatdıqdan sonra məktəbin akademik göstəriciləri nəzərə alınaraq müqavilə müddəti uzadıla və ya daimi əsaslarla bağlana bilər.
Müsahibədən keçid balını toplamış, lakin təyinat almayan namizədlər ehtiyat kadrlar siyahısına daxil edilir. Ehtiyat kadr statusunda qalma müddəti 2 ildir.