Cəzaların İcrası Məcəlləsində yeniliklər rəsmiləşib. Novator.az-ın məlumatına görə, prezident İlham Əliyevin imzası ilə məcəlləyə xüsusi müsadirə tədbirinin icrası barədə maddələr əlavə olunub.
183-cü maddəyə əsasən, xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirinin tətbiq edilməsi barədə yekun qərar çıxarmış məhkəmə həmin qərar qanuni qüvvəyə mindikdən sonra onun surətini, qərarın icrası barədə göstərişi və əmlakın siyahısının surətini icra məmuruna göndərir və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir.
Məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir.
İcra məmuru məhkəmənin yekun qərarının surətini, qərarın icrası barədə göstərişi aldıqdan sonra dərhal əmlak siyahısında göstərilən əmlakın mövcudluğunu yoxlayır.
Müsadirə edilən əmlak plomblanır və ya möhürlənir və bu barədə tərtib edilmiş müvafiq siyahıda qeydlər edilir.
İcra məmuru müsadirə edilən əmlakın saxlanması üçün tədbirlər həyata keçirməlidir.
Xüsusi müsadirə edilməli əmlak hüquqi və ya fiziki şəxslərdə, yaxud dövlət qurumunda olarsa, onlar bu barədə məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanına xəbər verməlidirlər.
Barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilən şəxsin müsadirə edilmiş əmlakı bu əmlak barəsində irəli sürülən bütün tələblər qanunla müəyyən edilmiş qaydada təmin edildikdən sonra müvafiq icra hakimiyyəti orqanına verilir.
Xüsusi müsadirə edilmiş əmlakın dövlət nəfinə verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Xüsusi müsadirə cinayət-hüquqi tədbiri icra edildikdən sonra barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilən şəxsin xüsusi müsadirə olunmalı olan digər əmlakı aşkar edildiyi hallarda icra məmuru yekun qərar çıxarmış məhkəməyə və ya yekun qərarın icra edildiyi yerin məhkəməsinə həmin əmlakın müsadirə edilməsi barədə təqdimat verir.
Başqa bir yeniliyə görə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının surəti icra edilməsi üçün dərhal hüquqi şəxsin olduğu yerin icra məmuruna göndərilir.
Hüquqi şəxs müəyyən fəaliyyət növünü lisenziya və ya icazə əsasında həyata keçirdikdə icra məmuru məhkəmə qərarının surətini 3 gün müddətində lisenziya (icazə) verən orqana göndərir. Həmin orqan qərarın surətini aldığı gündən 3 gün müddətində lisenziyanı (icazəni) ləğv edir və bu barədə icra məmuruna məlumat verir.
Hüquqi şəxs müəyyən fəaliyyət növünü lisenziya və ya icazə əsasında həyata keçirmədikdə icra məmuru 3 gün müddətində məhkəmə qərarının surətini hüquqi şəxslərin dövlət reyestrinə müvafiq fəaliyyət növü ilə məşğul olma hüququndan məhrum etmə barədə qeydin 10 gün ərzində daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı dəyişiklik dövlət qeydiyyatına alındıqdan sonra 2 gün müddətində icra məmuruna məlumat verir.
Hüquqi şəxsi ləğv etmə haqqında məhkəmənin yekun qərarı ilə ləğvetmə komissiyasına (təsviyəçiyə) hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə olunur. Həmin qərar qanuni qüvvəyə mindikdən dərhal sonra onun surəti icra edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına, habelə cinayət-hüquqi tədbirin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir.
Hüquqi şəxsin ləğvi başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanı 3 gün müddətində bu barədə yekun qərarı çıxarmış məhkəməyə və cinayət-hüquqi tədbirin icrasına nəzarəti həyata keçirən icra məmuruna məlumat verir.
Müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini qeyri-kommersiya hüquqi şəxslərinə və xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Ədliyyə Nazirliyi və onun rayon (şəhər) qeydiyyat şöbələri, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri istisna olmaqla digər qeyri-kommersiya qurumlarına münasibətdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi; kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə, publik hüquqi şəxslərə münasibətdə vergi orqanları; dini qurumlara münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsi həyata keçirir.