Vergilər Nazirliyinin rəsmi məlumatına görə, 2018-ci ilin aprel-sentyabr aylarında aparılmış nəzarət tədbirləri zamanı pərakəndə ticarət obyektlərindən 27900 şüşə aksizsiz və ya saxta aksizli mallar aşkarlanaraq müsadirə edilib, 619 min manatdan yuxarı alkoqollu içkilərin satışının nağd qaydada aparıldığı müəyyən edilib (aksiz markası ilə markalanmalı məhsulları, pərakəndə satış istisna olmaqla, nağd qaydada xeyli miqdarda satma, belə məhsulları satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma cinayət məsuliyyəti yaradır) qanun pozuntuları ilə bağlı 34 cinayət işi başlanıb.
Nazirlik bildirir ki, bu ilin avqust ayından alkoqollu içkilərin istehsalı ilə məşğul olan 30 vergi ödəyicisində aksiz-nəzarət postları fəaliyyətə başlayıb: “Aksiz postlarının fəaliyyəti, qanunsuz məhsullarının daxili bazarda satışının qarşısının alınması, vergi ödəyicilərinin fəaliyyətində uçotun və nəzarətin bərpa edilməsi nəticəsində müəssisələrin istehsal və satış həcmləri ilə bağlı real mənzərə müəyyən olunmağa başlayıb. Xüsusilə arağın istehsalı və daxili bazarda satış həcmlərində 3 dəfə artım qeydə alınıb. Şərab satışı isə 2018-ci ilin yanvar-iyul aylarının orta aylıq göstəricilərinə nisbətən müvafiq həcmdə aşağı düşüb.
Aksiz-nəzarət postlarının tətbiqi nəticəsində həm də dövlət büdcəsinə hesablanan vergilər artıb. Spirtli içkilərin öz təyinatına uyğun olaraq bəyan edilməsi nəticəsində cari ilin orta aylıq və iyul ayı göstəriciləri ilə müqayisədə istehsalçıların hesabladığı aksiz vergisi və ödədiyi vergi məbləği 60%-dən çox artıb.
Vergilər Nazirliyi spirtli içki istehsalçılarını və satıcılarını aksiz markası olmadan, yaxud saxta aksiz markası ilə markalanmış məhsulların satışını dərhal və könüllü şəkildə aradan qaldırmağa, qeydiyyatda olduqları vergi orqanına vergidən yayınmaların həcmi barədə məlumat verməyə çağırır. Bu hal qanun pozuntusu üçün nəzərdə tutulmuş məsuliyyətin müəyyənləşdirilməsi zamanı yüngülləşdirici hal kimi nəzərə alınacaq. Eyni zamanda diqqətə çatdırılır ki, bütün topdan və pərakəndə satış əməliyyatları mütləq qaydada elektron vergi hesab-fakturaları vasitəsilə rəsmiləşdirilməlidir”.